"Xəzər" – "Nistru" oyununda lazım olan hesabla məğlubiyyəti təşkil etmək üçün azərbaycanlılar bizə 250 min dollar təklif etdilər. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi"

Matc.az xəbər verir ki, bu sözləri Moldovanın "Nistru" klubunun sabiq futbolçusu Katalin Likioyu ölkə mətbuatına verdiyi geniş müsahibəsində deyib. O, komandanın sözügedən təklifdən imtina etdiyini açıqlayıb: "Düzdür, turu keçdiyimiz üçün rəhbərlik hər birimizə 4 min dollar verdi. Ancaq rəqibin təklifini qəbul etsəydik, hərəmizə 14 min düşürdü. Yenə də biz belə etmədik. Həmin görüş səfərdə vurduğum iki qol nəyə desən dəyərdi. Bütün futbolçulara belə variantın olduğunu demişdik, heç kim razı olmadı. Hamı meydana çıxıb layiqli mübarizə aparmalı olduğumuzu söylədi. Bundan qətiyyən peşman deyilik"

Rumıniyalı futbolçu həmin görüşdən sonra Lənkəran təmsilçisinin ona transfer təklif etdiyini qeyd edib: "Xəzər Lənkəran"a keçməyimi istədilər. Yaxşı şərtlər təklif olundu. Orada daha artıq pul qazana bilərdim. Ancaq təəssüf ki, rəhbərlik buna izin vermədi. Zəif çempionata, zəif kluba keçməyin mənasız olduğunu dedilər".

Qeyd edək ki, "Xəzər Lənkəran" 2006-cı ilin yayında UEFA kubokunun təsnifat mərhələsində "Nistru"ya hər iki matçda yenilib.  "Ağ-yaşıllar" rəqibinə evdə 1:2, səfərdə isə 1:3 hesabı ilə məğlub olub. Həmin vaxt komandanın baş məşqçisi Rasim Kara idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest