Azərbaycan millisi tarixində 47-ci dəfə böyük hesabla uduzub. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının VI turunun Kosovo ilə səfər oyununda 0:4 hesabı ilə məğlub olan yığmamız bunadək 46 dəfə üç və ya daha çox top fərqi ilə yenilib.

Lakin millimiz heç vaxt belə zəif rəqibə böyük hesabla yenilməmişdi. Söhbət rəqiblərin FİFA reytinqindəki mövqeyinə görə gücündən gedir.

Priştinadakı faciənin ən acınacaqlı tərəfi də odu ki, rəqib dünyanın 137-ci komandasıdı. İndiyədək ən pis halda reytinqin 117-cisi olan rəqibdən ağır zərbə - böyükhesablı məğlubiyyət almışdıq.

Bu məğlubiyyət də cəmi 5 ay əvvəl yaşanmışdı. Dünyanın 117-cisi olan Qazaxıstan komandamızı 3 cavabsız qola qonaq etmişdi. Bu dəfə isə daha zəif – 137-ci yer sahibi darmadağına sevindi, millimizsə meydanı başıaşağı tərk etdi.

ümumilikdə isə yığmamız tarixində 10-cu dəfə 4 top fərqilə udüzüb. Digər darmadağınlardan 1-i on, 1-i səkkiz, 1-i yeddi, 4-ü altı, 6-sı beş, 24-ü üç top fərqi ilə yaşanıb.

Millinin baş məşqçisi Qurban Qurbanov ikinci dəfə bu postda belə yenilgi alıb. İyunun 5-də Qazaxıstanda 0:3-ə üzülən mütəxəssis bu dəfə daha ağır məğlubiyyət yaşayıb.

Yığmamızın 11 baş məşqçisi böyük hesabla uduzmağın acısını görüb. Berti Foqts 9, Vaqif Sadıqov, Şahin Diniyev və Əhməd Ələsgərov hərəyə 5, Ağasəlim Mircavadovla Robert Prosineçki hərəyə 4, Əsgər Abdullayev, Karlos Alberto Torres, İqor Ponomaryovla Kazbek Tuayev hərəsi 3 dəfə darmadağınla üzləşib. Bir matçda isə komandaya Mircavadovla Tuayev tandemi başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest