"Mançester Yunayted"də baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında uğursuz gedişat rəhbərliyin səbrini daşırıb. Mövsümə uğursuz start verən İngiltərə nəhəngi artıq sükan arxasına yeni mütəxəssis gətirməyi planlaşdırır və namizədlər siyahısında ilk sırada Antonio Kontenin adı yer alır.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi italyan mütəxəssisi "Old Trafford"a gətirmək üçün bütün maliyyə imkanlarını səfərbər etməyə hazırdır. Klubun təcrübəli baş məşqçiyə onu dünyanın ən çox qazanan mütəxəssislərindən birinə çevirəcək fantastik bir müqavilə təklif edəcəyi gözlənilir. "Qırmızı şeytanlar" Kontenin komandada qısa zamanda intizam yarada biləcək xarakterini, nəticəyə yönümlü oyun fəlsəfəsini və Premyer Liqadakı böyük təcrübəsini əsas üstünlük kimi görürlər.

Kerrikin rəhbərliyi altında komandanın gözlənilən oyunu nümayiş etdirə bilməməsi rəhbərliyin hərəkətə keçməsini sürətləndirib. "Mançester Yunayted" rəhbərliyi qarşıdakı matçların nəticələrini yaxından izləyəcək, lakin Konte ilə bağlı ilkin hazırlıqlara indidən başlanılıb. Tərəflər arasında hələlik rəsmi razılıq əldə olunmasa da, baş məşqçi postu üçün italyan mütəxəssis bir nömrəli namizəddir.

Antonio Konte məşqçilik karyerasına "Aretsso"da başlayıb, daha sonra "Bari", "Atalanta" və "Siena" klublarını çalışdırıb. "Bari"ni 2008/09 mövsümündə B Seriyası çempionu edən mütəxəssis, ardınca "Yuventus"un sükanı arxasına keçib və Turin təmsilçisi ilə ardıcıl 3 dəfə A Seriyası çempionluğu yaşayıb, həmçinin 2 İtaliya Superkubokunu qazanıb.

İtaliya millisinə də rəhbərlik edən təcrübəli çalışdırıcı, 2016-cı ildə "Çelsi"yə keçərək ilk mövsümündəcə Premyer Liqa çempionluğunu bayram edib, növbəti mövsümdə isə İngiltərə Federasiya Kubokuna sahib çıxıb. O, daha sonra "İnter", "Tottenhem" və "Napoli" klublarında da fəaliyyət göstərib.

Konte "İnter"i 2020/21 mövsümündə A Seriyası çempionluğuna daşımaqla "Yuventus"un İtaliyadakı 9 illik hegemonluğuna son qoyub. "Napoli" ilə də 2024/25 mövsümündə İtaliya çempionu olan mütəxəssis karyerasındakı ölkə çempionluqlarının sayını beşə çatdırıb. Onun aktivindəki titul kolleksiyası Konteni İtaliya və İngiltərədə kuboklar qazanmış ən təcrübəli baş məşqçilərdən biri kimi ön plana çıxarır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest