Premyer Liqanın X turunun ən bol qollu matçı Zirədə keçirildi. Turnir cədvəlində qonşu olan "Zirə" ilə "Sumqayıt"ın duelindən qalib ayrılan tərəf 4-cü pilləyə yüksələcəkdi.

Bakılıların baş məşqçisi Zaur Həşimovun taktiki düzülüşü diqqətçəkən idi. 5-li müdafiəyə üstünlük verən Həşimov orta xətdə cəmi 2 oyunçuya - Cavid Hüseynov və İlkin Muradova güvənmişdi. Elvin Camalov və Şafik Tiqrudjanın yoxluğunda Elvin Məmmədovu da yanında saxlayan çalışdırıcı bir növ rəqibə boş dəhliz vermişdi. Üstəlik, Həşimovun hücum "3-lüy"ü də bənzər oyun üslubuna malik futbolçulardan qurulmuşdu.

Onun həmkarı Ayxan Abbasov isə ev sahiblərinin yarımmüdafiəsinin mərkəzində axsayacağını yaxşı başa düşürdü. Elə bu üzdən çalışdırıcı bütün "ağırlığı" məhz orta xəttə vermişdi. 5-4-1 sistemində Əmir Ağayev yarımmüdafiəçi/hücumçu funksiyasını yerinə yetirməli idi.

Sadıqlını üsyan etdirən "trio"

"Sumqayıt"ın futbolçuları meydanda yerlərini rahatlamamış qapılarında qol gördülər. Nordenin qazandığı kornerdən ötürmə zamanı Vüqar Mustafayevi qabaqlayan Mfo Kqasvane toru silkələdi. Amma bu, zirəlilərin ilk hissədə görüb-görəcəyi yeganə ciddi hücumu idi. Erkən qol qonaqlarda çaşqınlıq yaratmadı, əksinə, daha da gücləndirdi. "Zirə"nin orta sahədə buraxdığı boşluğun fonunda Aleksey İsayev-Rəhim Sadıxov-Əmir Ağayev "tro"su "at oynadır", matçın axarını istədikləri məcrada müəyyənləşdirirdilər. "Kimyaçılar"ın mərkəzdə çoxluq təşkil etməsi və adıçəkilən oyunçuların bir-birilərini çox yaxşı başa düşməsi meydanı Orxan Sadıqlı üçün cəhənnəmə çevirə bilərdi. Di gəl ki, onların əziyyətini Peyman Babayi təkbaşına puça çıxarmaqla məşğul idi.

Penta-triki 1 qolla əvəzləyən Babayi

"Sumqayıt" fasiləyə minimum 4:1 hesablı üstünlüklə yollanmağa borclu idi. Ancaq Babayi əlinə düşən imkanları dəyərləndirməməkdə israr etdi. İranlı forvard təkcə ilk hissədə penta-trikə imza ata bilərdi. Ələ düşən 4 qol şansının 3-də tora düşməmək daha çətin idi ki, hücumçu məhz çətin olanı etdi. İki epizodda isə Əmir Ağayevin arzusu çin olmadı. "Sumqayıt"ın birinci hissədə təkqapıya oynaması və 6 real qol şansını qaçırması görünür, Zaur Həşimovu narahat etmirdi. Çünki meydanda necə oynayacağını bilməyən, yarımmüdafiəsi olmayan bir "Zirə" var idi və çalışdırıcı fasiləyə qədər heç bir dəyişikliyə ehtiyac duymadı. Peyman Babayinin "Sumqayıt"ın hücumçusu yox, "Zirə"nin müdafiəçisi kimi oynaması Həşimovu və qəsəbə təmsilçisini bir növ darmadağından xilas etdi. Fasilə ərəfəsində Orxan Sadıqlının "Allahu Əkbər" deyib, komanda yoldaşlarına üsyan etməsi çox şeydən xəbər verirdi.

"Zirə"nin ön xəttində yer alan Norde, Kqasvane və Riçard Qadze yalnız sürətli hücumlar üçün nəzərdə tutulmuş futbolçulardı. Halbuki belə oyunda irəlidə ayağında top saxlamağı bacaran, komandasına nəfəs dərdirən və hücuma çıxmağa şərait yaradan forvarda daha çox ehtiyac var idi. Zaur Həşimov isə bu xüsusiyyətlərə malik Xulio Sezar Rodrigesi ehtiyatda saxlamışdı. "Zirə"nin hücumu ilə müdafiəsi arasında böyük məsafə və boşluq olduğundan, arxa xətt oyunçuları tez-tez azlıqda yaxalanır və rəqibin ağıllı yarımmüdafiəçiləri qarşısında aciz görünürdülər.

1 xalı düşünən Həşimov, israrçı Abbasov

Meydan sahiblərində dəyişiklik qaçılmaz idi. Baş məşqçi isə fasilədən sonra Cavid Hüseynovu əvəzləyərək, Adrian Skarlatakeni dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdi. Bu isə orta sahədəki boşluğu doldurmaq yox, müdafiəni gücləndirmək məqsədi daşıyırdı. Yəni ev sahibi olan komandanın çalışdırıcısı "Sumqayıt"dan alınacaq 1 xalı qənimət bilirdi. Skarla cəmi 7 dəqiqə yeni mövqedə oynaya bildi. Zədələnərək əvəzlənən rumıniyalının yerinə digər mərkəz müdafiəçisi Miloş Bakraç meydana çıxdı.

"Vurmayana vurarlar" prinsipi yenə öz sözünü dedi və ikinci hissənin əvvəllərində ani çaşqınlıq "Sumqayıt"ın yenidən hesabda geri düşməsinə səbəb oldu. Camaladdin Xocaniyazovun mövqeyini tərk etməsi və komanda yoldaşları tərəfindən sığortalanmaması komandaya baha başa gəldi. "Gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçiləri ilk yarıda o qədər enerji sərf etdilər ki, ikinci hissənin gedişində qaçmağa taqətləri qalmamışdı. Xüsusən də, hücumların qurulmasında əsas rolu oynayan Aleksey İsayev daha çox meydanda gəzməklə məşğul olurdu. Millinin üzvü uzun müddətdi yaşıl meydanlardan uzaq qaldığından, bu hal normal idi. Ancaq nədənsə, Ayxan Abbasov onu əvəzləməməkdə israr etdi.

Əvəzləmənin bəhrəsi

Ayxan Abbasov əvəzində yarımmüdafiəçi Süleyman Əhmədovu və hücumçu Amil Yunanovu "döyüşə" atdı. Komanda artıq 3-lü müdafiə ilə oynayır, cinah oyunçuları geri dönmürdülər. Babayini də meydanda saxlayan çalışdırıcı iki mərkəz hücumçusu ilə qol(lar) hədəfləyirdi. Bərabərlik qolunda da Amil Yunanovun rolu əvəzsiz oldu. Bakraçdan topu "oğurlayan" hücumçu onu Elvin Cəfərquliyevin önünə atdı. Gənc futbolçu isə Bəxtiyar Həsənalızadəni elə keçdi ki, sanki "Zirə"nin müdafiəçisi ikinci hissədə oyuna qoşulmayıb, 80 dəqiqə mübarizə aparmaqdan yorulub. Əmir Ağayev isə topu bir növ iynə dəliyindən keçirdi.

"Sumqayıt" son yarım saatı 3-5-2 oynayaraq keçirdi. Bu isə əksər hallarda 3-3-4 kimi görünürdü. Hətta yarımmüdafiəçilərin yorulması da "Zirə" oyunçularının müdafiədən çıxmasına kömək olmadı. Oyunboyu özünü qonaq kimi aparmayan "Sumqayıt" sona qədər mübarizəni meydanın rəqibə aid hissəsində keçirməsinə baxmayaraq, 1 xalla kifayətlənməli oldu. "Zirə" isə meydanı darmadağınla deyil, bərabərliklə tərk etdiyi üçün Peyman Babayiyə minnətdarlıq etməlidi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest