Uruqvay milli komandasının baş məşqçisi Marselo Byelsa dünya çempionatı başa çatdıqdan sonra postunu tərk edəcəyini elan edib.

Matc.az xəbər verir ki, ​70 yaşlı argentinalı mütəxəssis 2023-cü ildən bəri yığmaya rəhbərlik edir. Onun başçılığı altında uruqvaylılar Kopa Amerika-2024 turnirində bürünc medallara sahib olublar. Byelsa ayrılıq qərarını belə açıqlayıb:

​"Bizim birgə fəaliyyətimiz dünya çempionatından sonra başa çatır. İstənilən peşəkarın idman həyatı üçün Mundial əsl sehrdir. Belə bir hadisədən həzz almaq şansı qazandığım üçün şəxsən Uruqvaya minnətdaram".

​Byelsa məşqçilik karyerası ərzində Argentina millisi, İspaniyanın "Espanyol" və "Atletik", Fransanın "Lill" və "Marsel", İtaliyanın "Latsio", eləcə də İngiltərənin "Lids" klublarında çalışıb.

​Xatırladaq ki, Uruqvay millisi DÇ-2026-nın final mərhələsində H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı yığmalarına qarşı mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest