Azərbaycan Premyer Liqasında 18-ci turdan sonra qış fasiləsi başlayır. Çempionatda 1 aylıq fasilə yaranacaq ki, komandaların bəziləri toplanışı ölkədə, bəziləri xaricdə keçirəcək.
Görəsən, hansı klublar təlim-məşq toplanışı ölkədə, hansıları xaricdə keçirəcək? Suallarımızı Premyer Liqada çıxış edən klubların mətbuat xidmətlərinə yönləndirdik.
Anar Hacıyev (“Qarabağ”): “Komanda qış hazırlığını Suraxanıdakı bazada keçirəcək. Hazırlıq prosesi yanvarın 5-də başlayacaq. 2 yoxlama oyunu planlaşdırılır. Bu görüşlərin yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulub. Rəqiblər isə hələ müəyyənləşməyib”.
Emin Əfəndi (“Neftçi”): “Hələ qış toplanışı planı hazır deyil. Harada, nə vaxt keçiriləcək, hansı hoteldə qalacağıq heç bir məlumat yoxdur”.
Rəşad Məmmədov (“Səbail”): “Qış toplanışı Türkiyədə olacaq. Antalyadakı “Miracle” hoteldə məskunlaşacağıq. Amma Antalyada hansı tarixlərdə olacağımız, hansı komandalarla yoxlama oyunları keçirəcəyimiz bəlli deyil”.
Elmar Abdullazadə (“Zirə”): “Toplanış Bakıda olacaq. Yanvarın 3-də yığışacağıq. Böyük ehtimalla 2 yoxlama oyunu keçirəcəyik. Toplanış planı təsdiqlənmədiyi üçün dəqiq məlumat verə bilmirəm. Hazırlığın bütün detalları məlum olanda ictimaiyyətə açıqlama verəcəyik”.
Elnur Həmidov (“Sabah”): “Komandamızın yanvarın 4-də Türkiyənin Antalya bölgəsinə yollanması nəzərdə tutulub. Hazırlıq təxminən 10 gün davam edəcək. Digər məsələlərin yaxın günlərdə dəqiqləşməsi gözlənilir”.
Mahal Məmmədov (“Araz-Naxçıvan”): “Hazırlıq planı hələ təsdiqlənməyib. Gələn həftə hər şey dəqiqləşəcək. Toplanış ölkə xaricində də ola bilər, Bakıda da”.
Azad Mustafayev (“Kəpəz”): “Komandanın qış toplanışı ölkə daxilində olacaq. Planlara hələ tam aydınlıq gəlməyib. Böyük ehtimalla, Gəncədə hazırlaşacağıq”.
Süleyman Tağıyev (“Turan Tovuz”): “Komanda qış toplanışını 3-17 yanvar tarixləri aralığında Antalyada keçirəcək. 2-3 yoldaşlıq görüşü nəzərdə tutulub. Rəqiblərlə danışırıq. Hələ ki, məlum deyil”.
Asəf Zeynallı (“Qəbələ”): “Qış toplanışıyanvarın 4-dən 16-dək Antalyada “Limak Lara Deluxe Hotel&Resort”da olacaq. Yoldaşlıq görüşləri planlaşdırılır. Amma rəqiblər hələ bəlli deyil”.
Zaur Xudiyev (“Sumqayıt”): “Qış toplanışı Antalyada olacaq. Komanda yanvarın 6-da “Konkord” oteldə məskunlaşacaq. Toplanış 17-dək davam edəcək. 3 yoxlama görüşü nəzərdə tutulur, rəqiblər isə hələ bəlli deyil”.
Günay VƏLİYEVA