2021-ci ilin ən yaxşı məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az həmin müsahibəni diqqətinizə çatdırır:
 
- Hər birinizə bir daha təşəkkür edirəm. Qarşınızda olmaq xoşdur. Dəfələrlə demişəm ki, hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır. Bir tərəfdən işimə fayda verir, digər tərəfdən, sevinirəm ki, hər kiçik əziyyətə böyük dəyər verilir. Son vaxtlar mənim haqqımda, komandam, futbolçular haqda çox danışıldı. Bu il bəlkə də son müsahibəmdir. Qarşıdakı günlərdə çalışacağıq ki, gələn il üçün tam proqramımızı tutaq. Növbəti il daha da yaxşı uğurlar əldə etmək üçün ən yaxşısını etməyə çalışacağıq. Dəyər verdiyinizə görə təşəkkürlər.
 
- Şahruddin Məhəmmədəliyev əməliyyat olunub və Marsel "Olimpik"i ilə matçlarda iştirak etməyəcəyi məlumdur. Yeni qapıçı ilə razılaşmısız?
- Xeyr. Hələ axtarışdayıq. Belə tez qərar vermək bizim üçün çətindir. Amma işimizi maksimum sürətləndiririk. çalışırıq ki, yaxın günlərdə hər hansı nəticə əldə edək.
 
- Rüstəm Əhmədzadənin transferi sırf sizin təşəbbüsünüz idi? Onu daha əvvəl izləyirdiz?
- Bəli, belə bir şey var idi. Milliyə cəlb olunandan sonra diqqətimi cəlb etmişdi. Millidəki oyunlarını izləyirdim. Böyük potensialı olduğunu gördüm və komandamıza dəvət etdim.
 
- Qışdan sonra Premyer Liqada VAR sistemi tətbiq olunacaq. Sizcə bundan sonra hakimlərdən narazılıq azalacaq?
- Düzü bilmirəm. Hər halda bir faydası dəyəcək. Amma ola bilər ki, bəzi problemlər yenə olsun. Bunu gələcəkdə tam görəcəyik.
 
- "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimov ömürlük futboldan uzaqlaşdırıldı. Bu məsələyə sizin münasibətiniz necədir?
- Bu barədə fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz üçün xoş deyil. Hər bir halda biz yaxşı düşünək. çox istərdim ki, tezliklə bu məsələ bitsin və Nurlan İbrahimov sıralarımıza qayıtsın. Hər birimizin tanıdığı və hörmət etdiyi şəxslərdəndir.
 
- Nurlan İbrahimov bildirib ki, "Qarabağ"da Qurban Qurbanov və Asif Əsgərovdan başqa heç kim mənə dəstək olmur. Sizin fikriniz necədir? Klub dəstək olsa, hər hansı bir köməyi dəyə bilər?
- Mən bu barədə oxumamışam. Bizim klub olaraq Nurlanla münasibətimiz heç də pis deyil. Hamı onunla əlaqədə olur. Söhbətin tam nədən getdiyini bilmirəm. Məncə klub heç nəyə "yox" deməz. Nurlan İbrahimova hər hansı kömək lazım olsa, klub olaraq həmişə arxasında olacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest