“FİFA reytinqində rəqiblərimizin hamısı bizdən daha yaxşı mövqelərdə qərarlaşıb. Biz də reytinq siyahısında yüksəlməyə çalışırıq”. Matc.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Avropa çempionatının qrup mərhələsindəki rəqibləri dəyərləndirən mütəxəssis bildirib ki, açılış oyununda qarşılaşacaqları İtaliya yığması İsveçrə və Uelsə nəzərən daha güclü görünür.

“A qrupunda hər cür nəticələr qeydə alına bilər. Bunun üçün ilk matçdakı nəticəmiz önəmlidir. Heç-heçə və qələbəmiz qrupda bəzı qarışıqlıqlara səbəb ola bilər. İnanıram ki, elə də olacaq. Hər üç qarşılaşmamız çətin keçəcək. Qrupda hansı komandanın sonuncu yeri tutacağını heç kim deyə bilməz. Bu, hətta İtaliya da ola bilər. Uels də yaxşı komandadır, oyunçuları səviyyəli çempionatlarda çıxış edirlər və inkişafdadırlar. İsveçrə də maraqlı futbol oynayır, biz də eləyik. İtaliya da yaxşı yoldadır. Qrupdan birinci və ikinci yerlərin sahibləri 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Üçüncü yeri tutanın da mərhələ adlama şansı var” – deyə, Günəş bildirib.

69 yaşlı mütəxəssisin fikrincə, qrupda 5-6 xal böyük üstünlük sayılacaq, amma 4 xalı olan da 1/8 finala çıxa bilər. O, mərhələni yaxşı oyun və gözəl futbolla adlamaq istədiklərini diqqətə çatdırıb: “Futbolda eniş-çıxışlar ola bilər, amma biz yaddaqalan, coşqulu, cəlbedici, sevilən komanda olmaq istəyirik. Özümüzü ailə komandası kimi görürük. O hissi bütün dünyaya keçirmək, həm Türkiyə futbolunu, həm də ölkəmizi tanıtmaq istəyirik. Döyüşkən, coşqulu, cəsur, inanclı komanda görüntüsü yaratmaq niyyətindəyik. Belə oyun bizi qrupdan çıxardığı zaman əsas hədəfimizə çatacağıq. Ondan sonra da hər cür sıçrayış bizim üçün uğurdur”.

Günəş hazırkı yığmanın 2022-ci il dünya çempionatına da yüksələrək, vəzifəsini çox yaxşı yerinə yetirəcəyinə inam ifadə edib: "Bunların hamısı oyunçular üçün bir imtahan olacaq".

Baş məşqçi 18-19 mayda liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacaqlarını söyləyib: "Digər oyunçular bizə 3-4 gün sonra qoşulacaqlar. Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Hazırlıq prosesi, təşkilati işləri və yoldaşlıq matçlarını pandemiyadan əvvəl müəyyənləşdirmişik. Mövsüm başa çatandan sonra futbolçuların tətil istəyi də olacaq. Sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".

Təcrübəli mütəxəssis futbolçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "Təbii ki, burada pandemiya şərtləri önəmli rol oynayacaq. Hazırlığın əsas hissəsi yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyaya toplanışa gedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq. Daha sonra Azərbaycana gedib, orada iki görüşə çıxacağıq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər".

Günəş son matçlardakı koronavirus hallarından narahatlıq hiss etdiyini də vurğulayıb. O, AVRO-2020-dən əvvəl zədələrdən və yeni yoluxmaların aşkarlanmasından ehtiyatlandığını sözlərinə əlavə edib.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Turnirin açılış matçı iyunun 11-də Romada İtaliya və Türkiyə milliləri arasında gerçəkləşəcək. Türkiyə yığması Azərbaycanla yoldaşlıq görüşünü mayın 27-də Alanya şəhərində keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest