Türkiyəli futbol şərhçisi Rıdvan Dilmen Super Liqada çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis “Fənərbağça”nı mövsümün ən güclü çempionluq namizədi hesab edib.
O, İstanbul təmsilçisinin “Alanyaspor” üzərində 3:0 hesablı qələbəsindən sonra komandanın hücum potensialını yüksək qiymətləndirib.
Dilmenin fikrincə, “Fənərbağça” mövsümün sonunda Super Liqanın ən çox qol vuran komandası ola bilər. O, sarı-lacivərdlilərin bu göstəricidə ikinci yerdə qərarlaşacaq komandadan azı 10 qol fərqi ilə öndə olacağını proqnozlaşdırıb.
Təcrübəli şərhçi bildirib ki, komanda meydandan kənarda baş verən hadisələrdən mənfi təsirlənməsə, çempionluğun əsas favoritinə çevrilə bilər.
Dilmen “Qalatasaray”ın da hazırkı vəziyyətini dəyərləndirib. O, son illərin çempionunda enerji və motivasiya baxımından müəyyən geriləmə müşahidə etdiyini söyləyib.
Qeyd edək ki, Rıdvan Dilmen bu fikirlərini TV8 telekanalında yayımlanan “Yüzde Yüz Futbol” proqramında səsləndirib.













