İngiltərənin "Tottenhem" klubu yanvar ayında "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmaq üçün Madrid təmsilçisinə 130 milyon avro təklif etməyi nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional "nəşri məlumat yayıb.
Bildirilir ki, London klubu argentinalı forvardın müqaviləsinə gələcəkdə "Barselona"ya keçidini asanlaşdıra biləcək xüsusi sərbəstqalma bəndi əlavə etməyə də hazırdır.
Hazırda "Tottenhem" və "Atletiko" tərəfindən danışıqların gedişatı ilə bağlı rəsmi hər hansı bir təsdiq yoxdur. Daha əvvəl Madrid təmsilçisi Alvaresin Kataloniya komandasına birbaşa transferi ilə bağlı "Barselona" ilə heç bir danışıqlar aparmaq niyyətində olmadığını açıq şəkildə bəyan etmişdi.
Xulian Alvares 2024-cü ilin avqust ayından bəri "Atletiko"da çıxış edir və onun klubla hazırkı sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. "Transfermarkt" portalı argentinalı hücumçunun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.













