"Turan Tovuz"la "Fənərbaxça" arasında keçirilmiş dostluq oyunu (0:2) başa çatsa da, bu qarşılaşma barədə müzakirələr səngimir. İstanbul təmsilçisinin legioneri Meyson Qrinvuda göstərilən qırmızı vərəqədən sonra ara qarışdı və bununla bağlı müxtəlif iddialar səslənir.
Belə ki, 33-cü dəqiqədə Roderik Millerə qarşı kobudluq edən "Fənərbaxça"nın futbolçusunun qırmızı vərəqə alması klub prezidenti Əziz Yıldırımın ürəyincə olmadığı və bu qərara sərt etiraz etdiyi bildirilir.
Bizdə olan məlumata görə, əslində həmin epizoddan sonra Yıldırım həqiqətən də əsəbiləşib və klub rəsmisi Oğuz Çətinə zəng edərək "bu, nə şoudur çıxarırsız!?" deyə, irad bildirib.
Əməkdaşımızla söhbətində məlumatı təsdiqləyən "Turan Tovuz"un İdarə Heyətinin sədrinin müavini Həsən Zeynalov bildirib ki, yayılan xəbərlər yanlışdı: "Əziz bəy birinci hissəni "skyloung"dən izlədi. İkinci hissədə isə "skybox"a keçdi və oyunu dövlət rəsmiləri ilə birlikdə izlədi. Bakını tərk edəndə isə hansısa narazılıq eşitmədik".
SAMİR













