Madrid "Real"ı yarımmüdafiəçi Cud Bellinqem ilə yeni müqavilə imzalanması istiqamətində danışıqlarda irəliləyişə nail olub. "Kral klubu" sözləşmənin müddətini uzatmaq prosesini ilin sonunadək başa çatdırmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, Madrid təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə hazırkı əməkdaşlıq müqaviləsini daha 2 il, yəni 2031-ci ilə qədər uzatmaq istəyir. Həmçinin "Real" ulduz futbolçunun illik maaşını 20 milyon avrodan 30 milyon avroya qaldırmağa hazırdır.
Yeni müqavilə imzalanacağı təqdirdə Bellinqem klubun hücumçuları Kilian Mbappe və Vinisius Junior ilə eyni səviyyədə qazanc əldə edəcək. "Real" rəhbərliyi yarımmüdafiəçinin gələcəkdə "Qızıl top" mükafatını qazanmaq potensialına sahib olduğunu düşünür.
Bellinqem 2023-cü ilin yayından bəri İspaniya nəhənginin heyətində çıxış edir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 8 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 160 milyon avro təşkil edir.













