"Amma bizim başımıza ardıcıl iki oyunda gəldi".
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandasının 2026-cı il dünya çempionatından erkən kənarlaşdırılması barədə danışıb və yaşanılan uğursuzluğu bəxtsizliklə əlaqələndirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sporx" portalı yayıb.
İtalyan mütəxəssis turnirlə vidalaşdıqları üçün böyük məyusluq keçirdiyini gizlətməyib:
"Çox üzgünəm. Ölkəmizin və elə bizim də gözləntilərimiz çox yüksək idi. Həm Türkiyə Futbol Federasiyasından, həm də futbolçulardan üzr istəyirəm, çünki onların necə fədakarlıqla çalışdıqlarını yaxşı bilirəm. 35 ildir futboldayam, belə bir hadisə adətən 50 ildən bir baş verir. Amma bizim başımıza ardıcıl iki oyunda gəldi. Hər iki matçda ümumilikdə 65-ə yaxın zərbə endirdik, topa nəzarətimizi isə demirəm. Sadəcə bəxt bizim tərəfimizdə deyildi".
Qeyd edək ki, "ay-ulduzlular" ilk turda Avstraliyaya 0:2, növbəti qarşılaşmada isə Paraqvaya 0:1 hesabı ilə məğlub olublar. Türkiyə seçməsi bu iki matçda rəqib qapılarına ümumilikdə 62 zərbə endirsə də, qol vura bilməyib və turnirin antirekorduna imza atıb. Xatırladaq ki, daha əvvəl "Real Madrid"in ulduz yarımmüdafiəçisi Arda Gülər də türk xalqına müraciət edərək uğursuzluğa görə üzr istəmişdi.













