Əfsanəvi braziliyalı yarımmüdafiəçi Ronaldinyo peşəkar futbolçu karyerasını bərpa etmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Italia" yayıb.
46 yaşlı ulduz oyunçunun İtaliyanın C Seriyası təmsilçisi "Ravenna" klubu ilə anlaşdığı bildirilir. Tərəflər arasındakı müqavilənin müddəti və maliyyə təfərrüatları hələlik açıqlanmayıb. Braziliyalı ulduzun rəsmi təqdimat mərasimi iyunun 23-də Mayamidə keçiriləcək xüsusi media tədbirində baş tutacaq.
"Yeni rənglər, eyni təbəssüm. Futbol mənə həmişə sevinc gətirib və bu hissi yenidən bölüşməkdən məmnunam", - deyə Ronaldinyo futbola qayıdışını rəsmən təsdiqləyib.
Bu transferin əsasən kommersiya xarakteri daşıyacağı, oyunçunun meydanda az şans qazanacağı və klubun iddialı layihəsinə investisiya yatıracağı gözlənilir. Eyni zamanda, "Ravenna" yeni mövsümdə formalarında R10 brendinin simvollarından istifadə edəcək.
Qeyd edək ki, karyerası ərzində Çempionlar Liqasını, dünya çempionatı və "Qızıl top"u qazanan əfsanəvi futbolçu peşəkar idmandan 2018-ci ildə ayrılmışdı.













