Ağ Evin dünya çempionatı işçi qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, Konqo milli komandası Ebola virusu təhlükəsi səbəbindən mundialdan əvvəl 21 günlük karantin müddətindən keçməlidir, əks halda iştirakdan məhrum edilə bilərlər.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Biz Konqoya aydın şəkildə bildirdik ki, onlar iyunun 11-də Hyustona səyahət etməzdən əvvəl 21 günlük karantin tələblərinə əməl etməlidirlər. Biz həmçinin Konqo hökumətinə aydın şəkildə bildirdik ki, onlar bu tələblərə əməl etməli, əks halda ABŞ-a səyahət edə bilməmək riski ilə üzləşəcəklər".
Culianinin sözlərinə görə, müvafiq ABŞ orqanları artıq FİFA-nı, Konqo hökumətini və milli komandasını bu qərar barədə məlumatlandırıb.
Konqo millisi DÇ-2026-nın qrup mərhələsində Portuqaliya, Kolumbiya və Özbəkistanla oynayacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qeyd edək ki, dünən Konqoda 17-ci Ebola epidemiyası qeydə alınıb. Mayın 22 tarixinə xəstəlikdən ölənlərin sayı 130-dan çox olub.













