"Mənim komandam “Araz-Naxçıvan”la oynayıb. Nə üçün “Qarabağ” haqda danışım?"

Misli Premyer Liqasının XIX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyunçularımı təbrik edirəm. Həqiqətən, çox möhtəşəm qələbə idi. Futbolçuların bu gün necə arzulu, istəkli olduğunu gördüm. Məğlub etdiyimiz komandalar – “Zirə”, “Araz-Naxçıvan” top kollektivlərdir, yaxşı heyətləri var. İstərdim ki, azarkeşlərimizi də təbrik edim. Amma daha çox fanatın olmasını istərdim. İlk hissənin 16-cı dəqiqəsinə qədər üç gözəl qol vurduq. İlk hissənin bəzi anlarında təşəbbüsü itirsək də, sonra balans yaratdıq. Fasiləyə qədər daha bir neçə qol vura bilərdik. İkinci hissəni də yaxşı keçirdik. Dördüncü qolumuz həqiqətən, çox möhtəşəm idi. Bir az məyusuq, çünki qol buraxmaq istəmirdik. Yenə də 4:1 bizim üçün yaxşı nəticədir. İndi bu matçı unudub, qarşıdakı oyuna köklənməliyik.

– “Sabah”ın çempionluq yolundakı əsas rəqibi “Qarabağ”ın liqadakı oyunu təxirə salına bilər. Bununla bağlı fikirləriniz nədir?
– Mənim komandam “Araz-Naxçıvan”la oynayıb. Nə üçün “Qarabağ” haqda danışım? Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox. Demək olar, hər konfransda “Qarabağ”la bağlı suallar verilir. Bu tip suallara cavab vermək istəmirəm. Bunu dediyim üçün üzr istəyirəm, amma “Qarabağ” haqda suallar mənə, bizə bir az hörmətsizlikdir. Onlara böyük hörmətim var. Sadəcə mən ancaq komandam haqda danışmaq istəyirəm.

– Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?
– Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun.

– Ardıcıl üç oyundur ki, ilk hissənin əvvəlində üç qol vurursunuz, amma sonra məhsuldarlıq aşağı düşür. Siz tapşırırsınız ki, çox güc sərf etməsinlər?
– Təbii ki, yox. Komandamın 10 qol vurmasını istəyərəm. Heç bir liqada bu, mümkün deyil. 4 qol vurulubsa, az deyil. Futbolda ortalama 2-3 qol yaxşı hesab edilir. Çünki rəqiblər də 2-3 qol buraxdıqdan sonra rəqiblər də bunların qarşısını almağa çalışır. İkinci hissədə pressinq edirdik və görürük ki, daha çox qol vurmağa çalışmışıq. Əvvəl 0:0, 1:0 olanda deyirdiniz ki, niyə məhsuldar deyilsiniz. İndi 4 qol vururuq, niyə daha çoxunu vurmadığımızı deyirsiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest