Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la qarşılaşacaq İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri bu turnirin rekordçusudu.

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la qarşılaşacaq İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri bu turnirin rekordçusudu. Matç.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis qitənin ikinci dərəcəli klub turnirini qalibi adını hamıdan çox qazanan məşqçi ünvanına şərikdi.

O, italiyalı Covanni Trapattoni ilə hərəyə 3 dəfə əvvəl UEFA kuboku adlanan indiki Avropa Liqasında baş mükafata yiyələnib. Emeri şərikindən fərqli titulları ardıcıl qazanıb. 2013/14, 2014/15 və 2015/16 mövsümlərində "Sevilya" ilə uğur qazanan mütəxəssis turnirin tarixində yeganə belə seriyanın müəllifidi.

Məşqçilik fəaliyyətini davam etdirən və yenə Avropa Liqasında mübarizə aparan komandanı çalışdıran Emeri mütləq rekordu da hədəfləyir. Bunun üçün ispaniyalı sabah çıxacağı Bakı Olimpiya Stadionuna finalda da qayıtmalı, bu arenada keçiriləcək həlledici matçda da yetirmələrinin qələbəsini görməlidi. Onun 4-cü dəfə kubok qazanmaqla yeni rekord vurması məhz Bakıda gerçəkləşə bilər.

"Arsenal"ın reytinqinə görə Avropa Liqasının ikinci komandası olması da onların turnirin favoritlərindən sayılmasına sübutdu. Maraqlıdı ki, Emerinin komandası reytinqdə yalnız onun tarix yazdığı klubdan, digər əsas favorit – "Sevilya"dan geri qalır.

Qeyd edək ki, 1972-ci ildən UEFA kuboku kimi keçirilən, 2009-cu ildən Avropa Liqası adlanan yarışda daha 5 məşqçi 1 dəfədən artıq qalib olub. Bunlar hərəyə 2 titul qazanan Luis Molouni, Xuande Ramos, Rafael Benites, Joze Mourinyo və Dieqo Simeonedi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest