“Çətin oyun olacağını bilirdik. “Sumqayıt” çox yaxşı komandadı, topla oynamağı, müdafiədə və hücumda effektli olmağı bacarırlar. Buna baxmayaraq, qələbə qazana bildik”. Bunu matc.az saytına açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov deyib.

Premyer Liqanın II turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanan tovuzlulara qalibiyyəti gətirən qolu məhz Nəcəfov vurub.

27 yaşlı pleymeyker baş məşqçi Kurban Berdiyevin rəqibi yaxşı təhlil etdiyini söyləyib: “Kurban Berdiyev rəqibi təhlil etmişdi, “Sumqayıt”ın yaxşı müdafiə olunduğunu və təhlükəli hücumlar qurduğunu bilirdi. Meydanda nə etmək lazım olduğunu bizə izah etdi, düzgün mövqelərdə yer almağı tapşırdı. “Sumqayıt”ın həm çempionat, həm də Konfrans Liqasında keçirdiyi ilk üç oyunun hamısını izləmişdik”.

X.Nəcəfov çempionatda mübarizənin getdikcə daha da gərgin olacağını düşünür: “Turdan-tura oyunlar daha da çətinləşəcək. Düzdür, növbəti rəqibimiz “Kəpəz” ilk iki turda qələbə qazana bilməyib. Onlar da bu tilsimi qırmaq istəyəcəklər. Ancaq Tovuzda oynamağımız bizim üçün üstünlükdü. Çünki doğma azarkeşlərimiz önündə bütün matçlara qalibiyyət üçün çıxırıq”.

Yarımmüdafiəçi hazırkı baş məşqçi Kurban Berdiyevi əvvəlki mütəxəssislərlə müqayisə edib: “Kurban Berdiyevin əvvəlki məşqçilərdən fərqi çoxdu. Onun adı bəs edir. Elə yerlərdə işləyib, elə uğurlar qazanıb ki, bunu təkcə Azərbaycan yox, bütün dünya bilir. Dünyanın bütün məşqçiləri də onu yaxşı tanıyır”.

Qeyd edək ki, “Turan Tovuz” 2 turdan sonra 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest