İspaniyanın "Barselona" klubu Almaniyanın Dortmund "Borussiya"sından hücumçu Kərim Adeyeminin transferini rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Barselona" və "Borussiya" hücumçu Kərim Adeyeminin transferi barədə razılığa gəliblər və futbolçu Kataloniya təmsilçisi ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.

Klubun açıqlamasında "18 yanvar 2002-ci ildə Münhendə nigeriyalı ata və rumın ananın ailəsində doğulan Adeyemi, inanılmaz sürəti və güclü sol ayağı ilə həm cinahlarda, həm də hücumun mərkəzində oynamaq bacarığını nümayiş etdirərək "Barselona"nın heyətinə həyəcanverici və universal hücum potensialı qazandıracaq" ifadələri yer alıb.

Qeyd edək ki, 24 yaşlı Adeyemi ötən mövsüm Almaniya çempionatında 28 matçda 7 qol və 4 məhsuldar ötürmə, Çempionlar Liqasında isə 9 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest