"Hamı bilir ki, dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah İngiltərə nəhənglərindən "Arsenal"ı qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Ən yaxşı baş məşqçilər o liqada yarışır. Sabah bizi yaxşı oyun gözləyir. çalışacağıq sona qədər yaxşı mübarizə aparaq".

- Henrix Mxitaryanın Bakıya gəlməməyi bizim üçün üstünlük ola bilər?

- İstəməzdim ki, siyasət futbola qarışsın. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu qoruyur, əlavə problem haqda düşünmək istəmir. İdmanda belə hallara rast gəlmişik. Bura gələn idmançılar olub. Təzyiqlər də olub. Elə insanlar var ki, müharibədə əzizlərini itiriblər. İstər-istəməz düşmən kimi baxırlar, emosiyalarını qoruya bilmirlər. Kütlənin içində 10-15 nəfərin etirazı, hamının etirazı deməkdi. Olmaması bəlkə də, daha da məsləhətlidi. Oyundan qorxduğum üçün yox, digər məsələlərə görə deyirəm.

- Geryenin mövqeyində kimi oynadacaqsınız?

- Təxmini heyəti bilirəm. Bir neçə oyunçumuz yoxdu. Sabah tam heyəti dəqiqləşdirəcəm.

- Emerinin "Arsenal"ı Vengerin "Arsenal"ından nə ilə fərqlənir?

 - Rəqibi izləmişəm. Futbolçuların açıqlamalarından hiss olunur ki, yeni çalışdırıcı onlardan çox qol vurmağı tələb edirlər. Tarixi olan klubdu, topla oynamağı xoşlayır. Emeri təcrübəli məşqçidi, avrokuboklarda böyük uğurları var. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı artıb. Bu da futbolda çox vacibdi. Sabah bəzən onlara qarşı təkcə topla yox, hərəkətdə də diqqətli olmalıyıq. Həm Vengerin, həm də Emerinin fəlsəfəsindən azarkeşlərin həzz aldığını düşünürəm.

- "Qarabağ" "Arsenal"dan xal ala bilərmi?

- Belə klubların Azərbaycana gəlməsi bizim üçün böyük təcrübədi. Futbolun sevilməsi üçün də şansdı. Azarkeşlərimiz də belə görüşlərə daha çox maraq göstərirlər. Hər şeyə real baxmaq lazımdı. Belə böyük klublara qarşı uğurlu oyunlarımız olub. Həmişə fikrimiz o olub ki, təkcə nəticə ilə yox, meydandakı mübarizə ilə azarkeşləri razı salaq.

- Müasir futbol sürpriz nəticələrlə doludu. Belə görüşlərdə motivasiya çox önəmlidi. Bu istiqamətdə işlər görülübmü?

- Motivasiya normaldı. Futbolçularımızın böyük klublara qarşı oynamaq təcrübəsi var. Bu baxımdan problem olmayacaq. Futbolçular həzz alaraq meydanda özlərini yaxşı tərəfdən göstərəcəklər.

- Bəzi mənbələrdə yayılan xəbərə görə, "Arsenal" ikinci heyətlə çıxış edəcək. Bu, sizə necə təsir edə bilər?

- "Arsenal"da ikinci heyət olduğunu bilmirəm. Biz "Arsenal"a qarşı oynayırıq. Onlarda ikinci heyət anlayışı olmur.

- Qarşılaşmaya 60 mindən çox azarkeşin gələcəyi gözlənilir. Əvvəlki matçlarda isə belə halla üzləşmirdik. Bunun səbəbini nədə görürsüz: Hava şəraitində, yoxsa rəqibə olan maraqda?

- Hava ilə azarkeş yığmaq düz çıxmaz. İstidə, yağışda, boranda da bəzən stadionumuz dolu olub. Böyük futbolçulara qarşı maraq tam başqa cür olur. Azarkeş onları canlı görmək istəyir. özümüz də böyük klublara daha çox maraq göstəririk. Bizim üçün stadionun tam dolması vacibdi. Amma biz heç vaxt təkcə stadionda olanları düşünməmişik. çünki azarkeşimiz həddən artıq çoxdu. Birinin imkanı, birinin şəraiti olmur ki, oyuna gəlsin. Elə azarkeş tanıyıram ki, stadiona gəlmir, amma ən sadiq fanatlarımızdan biridi. Əlillərimiz var ki, bizi daim dəstəkləyirlər. Azarkeş çox olanda məşqçi və futbolçular daha məsuliyyətli olur.

- Bu il yenidən "çelsi"yə qarşı oynasaydınız, necə olardı?

- İngiltərə klublarını ayırmaq istəmirəm. Onlar dünyanın ən güclü çempionatında iştirak edirlər. "çelsi"də bu mövsüm başqa məşqçidi. Onların oyun üslubu fərqlidi. Amma güc olaraq bərabər səviyyədədilər. Orda hər tur komandaların mövqeləri dəyişir, 6-7 komanda liderlik uğrunda yarışır. 10-15 üzdə olan məşqçi var və hamısı nəticə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest