Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində VII tura yekun vurulub. Matc.az saytı xəbər verir ki, hesabat turunda Çin şahmatçısı Liren Dinqlə heç-heçə oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu haqqında danışıb.

O, bildirib ki, Dinqlə fikirləri həmişə fərqli olub: "Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə mənimlə razılaşmayacaq. Ümumiyyətlə Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı".

Məmmədyarov son iki turda qələbə hədəflədiyini əlavə edib: "Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış etmişdim. Səhv etmirəmsə, beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdu. Təəssüf ki, sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest