Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Arsenal"ın təxmini start heyəti açıqlanıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular" əsasən ehtiyat qüvvə ilə mübarizə aparacaq.

Zədəli Petr çexin yoxluğunda çərçivə Bernd Lenoya tapşırılacaq. Müdafiənin mərkəzində Sokratis Papastatopulosa Rob Holdinq tərəfdaşlıq edəcək. Baş məşqçi Unay Emeri cinah müdafiəçiləri Naço Monrealla Ektor Bellerinə istirahət vermək fikrindədi. Onları müvafiq olaraq, Sead Kolaşinaç və Stefan Lixtştayner əvəz edəcək.

Emeri yarımmüdafiə xəttində də dəyişikliklər edəcək. Mohamed Elneni və Matteo Quenduzi müdafiə xəttinin önündə yer alacaq. Pyer Emerik Obameyanq-Aron Remsi-Aleks İvobi "trio"su hücumçunun arxasında çıxış edəcək. ön xətdə isə Denni Uelbek qol axtarışında olacaq. Obameyanqla Uelbekin yerlərini dəyişməsi də istisna edilmir.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest