Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan 11-ci turun ilk matçı "Murov" və MOİK komandaları arasında baş tutub.
 
Keçirdiyi bütün görüşlərdə qalib gələn "Murov" bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 (25:16, 25:14, 25:16) hesabı ilə məğlub edib və aktivinə daha 3 xal yazdırıb.
 
Turun son matçı isə "Xarı bülbül" və "Neftçi" klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. "Xarı bülbül" əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12).
 
Beləliklə, 11 turdan sonra "Murov" 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik "Xarı bülbül" ikinci, 13 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest