Qətərdəki dünya çempionatının finalında Argentinaya məğlub olan Fransa yığmasında həmin oyunun fasiləsi zamanı paltardəyişmə otağında yaşanan bəzi detallar üzə çıxıb. Matc.az xəbər verir ki, baş məşqçi Didye Deşamla yanaşı, hücumçu Kilian Mbappe və ehtiyat qapıçı Stiv Mandanda da komanda yoldaşlarını tənqid edib, onları ruhlandırmağa çalışıb.
Mbappe bunları söyləyib: "Bu, bir dünya çempionatı finalıdır. Bir ömür boyu unuda bilməyəcəyimiz qarşılaşmadır. Belə oynasaq, qalib gələ bilmərik. İndi meydana çıxmalıyıq. Ya axmaq kimi onların oynamasına icazə verəcəyik, ya da meydana çıxıb öz oyunumuzla onların cavabını verməliyik. Mübarizə aparmaq, onlara cavab vermək lazımdır. İki qol buraxmışıq, geridəyik! Amma matçda dönüş yarada bilərik. Unutmayın ki, bu, dörd ildən bir baş verən hadisədir".
Mandanda isə komanda yoldaşlarına daha sərt formada müraciət edib: "0:2 uduzuruq, bəylər! Buraxdığımız səhvlərdə hamımız günahkarıq. Amma ikinci hissədə oyunu çevirməyimiz mümkündür. Bunun üçün isə meydana tam fərqli ruhla çıxmaq lazımdır. Belə oynamaqla heç nəyə nail ola bilmərik. Lənətə gələsiz!".
Deşam isə paltardəyişmə otağındakı masanı sərt şəkildə yumruqlayaraq bunları söyləyib: "Rəqiblə aramızdakı əsl fərqi bilirsiz? Onlar dünya çempionatının final matçına layiq oyun sərgiləyirlər, biz isə ümumiyyətlə oynamırıq. Bunu üzülmədən söyləyirəm".
Xatırladaq ki, ilk hissədən sonra 0:2 hesabıyla uduzan fransızlar yalnız 80 və 81-ci dəqiqələrdə Kilian Mbappenin dubla imza atması nəticəsində məğlubiyyətdən xilas olub. Əlavə vaxtda isə tərəflər hərəyə daha bir qol vurduğundan, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu olub. Gümüş medallarla kifayətlənən Fransa yığmasının heyətində het-trik edən Mbappe, mundialda vurduğu 7 qolla bombardir olub.