Topaz Premyer Liqasının lideri "Neftçi" sabah XIX tur çərçivəsində meydana çıxacaq. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək.

Mövsümün ilk yarısında bu komandaların dueli daha böyük maraq doğururdu, nəinki indi. çünki həmin vaxt "Neftçi" çempionatın vahid lideri, "Sabah" isə 4-cüsü idi. üstəlik, həm oyun, həm də nəticələr baxımından hər iki tərəf daha çox təriflənirdi.

Ancaq indi vəziyyət bir qədər fərqlidi. "Neftçi" artıq Premyer Liqaya təkbaşına ağalıq etmir, "Sabah"ın isə medallara ümidi getdikcə tükənir. "Neftçi" ikinci yarıda keçirdiyi 4 görüşün cəmi 1-də qələbəyə sevinə bilib ki, bu da çempionluğa iddia edən komanda üçün böyük problemdi. Xüsusən də, "Zirə" ilə bərabərlik və "Səbail"ə məğlubiyyət ciddi siqnaldı. çünki bundan sonra itiriləcək hər xal Roberto Bordinin yetirmələrini qızıl medallardan uzaqlaşdıra bilər.

O ki qaldı "Sabah"a, birinci yarının sürpriz komandası olan paytaxt klubunu qış fasiləsindən sonra tanımaq mümkün deyil. Düzdü, Elşad Əhmədovun komandası 2019-cu ilə qələbə ilə başladı. Lakin bunun ardını gətirə bilmədi və son 3 matçda cəmi 1 xal toplayıb. Qeyri-stabil çıxış debütantın yuxarı pillələrdən uzaqlaşmasına səbəb olub. "Sabah" üçüncü pillədəki "Səbail"dən artıq 9 xal geridədi. Ancaq ardıcıl iki məğlubiyyətdən sonra "Qarabağ"la bərabərlik bakılıların özünə gəlməsi üçün stimul ola bilər.

Hər iki komanda meydana iki itki ilə çıxacaq. "Neftçi"də Tural Axundov ötən matçda sarı vərəqə alaraq cəzalı duruma düşübsə, Rəhman Hacıyev zədədən əziyyət çəkir. "Ağ-qaralar" üçün sevindirici məqam Kiril Petrovun cəza müddətini başa vurmasıdı. "Sabah"da isə Erik Ramos sarı vərəqə limitini doldurub və komandasına kömək edə bilməyəcək. Eyni zamanda Elşən Abdullayev də zədə ucbatından oynamayacaq.

İlk iki dövrədəki hər iki oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşmışdı. Sabahkı qarşılaşmanın favoriti də "flaqman"dı. Ancaq Bordinin yetirmələrinin qapanan müdafiə önündə çətinlik çəkdiyini əvvəlki oyunlar göstərib. "Sabah"da isə müdafiəyəmeyilli oyunçular çoxluq təşkil edir və komanda oyunlarını əks-hücumlar üzərindən qurur. Bu üzdən "Neftçi"nin işi heç də asan olmayacaq. "Neftçi" 2, "Sabah" isə 3 oyundu qələbə qazana bilmir. Bu baxımdan "ayılmaq" üçün hər iki tərəfə mütləq qələbə lazımdı.

Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması 18:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest