Azərbaycanın Konfrans Liqasında komandası qalmadı. Bu turnirdəki sonuncu təmsilçimiz “Neftçi” III təsnifat mərhələsində Avstriyada “Rapid”ə məğlub olaraq, mübarizəni dayandırdı.

Bakıda 90, Vyanada isə 120 dəqiqəlik ağır oyunda fiziki cəhətdən daha hazırlıqlı olan “Rapid” yoluna davam etməyi bacardı. “Neftçi”nin pley-off görməsinə mane olan səbəblər isə Bakıda son saniyələrdə qol buraxmaq və Vyanada ələ düşən yüz faizlik şansları qaçırmaq oldu.

“Rapid” (Avstriya) - “Neftçi” (Azərbaycan) – 2:0
Qollar: Marko Qrüll, 66, Ferdi Druyf, 112
Vyana, “Veststadion”. Hakimlər: Rohit Saqqi, Geir İsaksen, Morten Yensen, Sivert Eksnes Amland (hamısı Norveç)
“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 20. Maksimilan Hofmann (k), 13. Torsten Şik (23. Yonas Auer, 90), 22. Martin Kostselnik, 24. Patrik Qreyl (5. Roman Kerşbaum, 68), 29. Ante Bayiç (10. Yusuf Demir, 57), 34. Nikolas Satlberger (28. Morits Osvald, 99), 7. Nikolas Kün (38. Ferdi Druyf, 86), 27. Marko Qrüll, 9. Qvido Burqştaller
Ehtiyat oyunçular: 21. Bernhard Unqer, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 19. Mixael Sollbauer, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld
Baş məşqçi: Ferdinand Feldhofer
“Neftçi”: 1. İvan Brkiç, 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 3. Mamadu Mbodj (26. Ömər Buludov, 106), 19. Azər Salahlı (2. Mert Çelik, 20), 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef (7. Azər Əliyev, 100), 24. Yusuf Laval, 11. Qodsvey Donyo
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

Regekampf heyətə əl dəymədi, “Rapid”də 5 dəyişiklik
Premyer Liqanın açılış turunda “Şamaxı” ilə matçda istirahət edən “11-lik” Vyanada yenə meydanda idi. Baş məşqçi Laurentsiu Regekampf “Rapid” üzərində 2:1 hesablı qələbə qazanan heyətdə və düzülüşdə heç bir dəyişikliyə ehtiyac duymamışdı. Əvəzində onun avstriyalı həmkarı Ferdinand Feldhofer start heyətində düz 5 dəyişiklik edərək, rotasiyaya əl atmışdı. “Bakcell Arena”dakı görüşə ehtiyatdan başlayan müdafiəçilər Maksimilan Hofmann, Torsten Şik, yarımmüdafiəçilər Patrik Qreyl, Nikolas Satlberger və hücumçu Nikolas Kün bu dəfə ilk dəqiqələrdən şans qazanmışdı. Onlardan kapitan Hofmann və Satlberger birinci qarşılaşmada, ümumiyyətlə, meydana çıxmamışdı. Bunların əvəzində Bakıda start heyətində yer alan Mixael Sollbauer, Yonas Auer, Morits Osvald və Bernhard Zimmerman bu dəfə ehtiyatda qalmışdı, Aleksa Peyiç isə “23-lüy”ə salınmamışdı.

10 dəqiqə çəkən diktə
Hər iki komanda oyuna bir qədər ehtiyatlı başladı. Bu da başadüşüləndi. Hesabda öndə olan “Neftçi”nin yüksək tempə ehtiyacı yox idisə, cəmi 1 top geridə olan “Rapid”in ilk dəqiqələrdən bütün qüvvə ilə irəli atılması “intihar” olardı. Meydanın mərkəzində tez-tez xırda foulların olması da “ağ-qaralar”ın “çörəyinə yağ sürtürdü”. Çünki “Rapid”in sürəti artırmaq istədiyi anlarda norveçli baş hakim Rohit Saqqi fitini səsləndirməli olurdu.

Təmsilçimizin topa və oyuna diktə etmək istəyi pis alınmırdı. Lakin bu, cəmi 10 dəqiqə çəkdi. Yavaş-yavaş nəzarəti ələ alan meydan sahibləri İvan Brkiçi tez-tez narahat eləməyə başladı. Bunda Qodsvey Donyonun irəlidə passiv qalması, orta sahədə boşluqların yaranması da az rol oynamırdı. Silsilə səhvlər az qala erkən qol buraxmağımıza yol açacaqdı. 13-cü dəqiqədə itirilən top “Rapid”in əks-hücumuna şərait yaratdı. Yarımmüdafiəçilərin geri dönməkdə gecikməsi, mərkəz müdafiəçilərimizin isə topa müdaxilədə ləng davranması Nikolas Künü qapıçı ilə üz-üzə qoydu. Xoşbəxtlikdən almaniyalı yarımmüdafiəçi çərçivəni dəqiq nişan ala bilmədi.

4 mərkəz müdafiəçisi ilə davam
Həmin epizodda komanda yoldaşı ilə toqquşaraq zədələnən Azər Salahlının 20-ci dəqiqədə əvəzlənməsi Regekampfın planlarına ciddi təsir etdi. Ehtiyatda Azər Əliyev və Ömər Buludov kimi cinah oyunçuları olmasına baxmayaraq, çalışdırıcı “Başakşehir”dən yenidən icarəyə götürülən Mert Çeliki meydana buraxdı. Belədə “4-lü” müdafiə xəttindəki bütün oyunçular mərkəz müdafiəçilərindən ibarət oldu. Mert və Mamadu Mbodjun cinahlarda qərarlaşması əslində o qədər də yaxşı hal deyildi. Çünki rəqibin sürətli vingerləri ağır müdafiəçilərimizi sürətdə asanlıqla qabaqlayırdılar. Üstəlik, onların hücuma qatqısı da tipik cinah müdafiəçisi qədər ola bilməzdi.

Vədə uyğun olmayan mənzərə
Cinahlardan dəstəyin olmaması, orta sahədəkilərin isə daha çox rəqibi meydanın mərkəzində qarşılamaq barədə düşünməsi “Neftçi”nin təhlükəli hücumlar qurmasına əngəl törədirdi. Regekampf bir gün əvvəl Vyanaya 2:1 hesablı üstünlüyü qorumaq üçün gəlmədiklərini söyləməsinə və qələbə üçün oynayacaqları vədini verməsinə baxmayaraq, meydandakı mənzərə bunun əksini deyirdi. İkinci planda oynayan komandanın başı daha çox rəqib hücumlarının qarşısını almağa qarışmışdı. Prinsipcə, “Neftçi”nin etibarlı müdafiə olunduğunu da demək olmaz. Çünki ilk yarım saatda iki dəfə qapı tiri, bir dəfə isə Mbodj komandamızın imdadına yetişdi. Bakılıların ilk həmləsi isə 34-cü dəqiqəyə təsadüf etdi. Yusuf Lavalın zərbəsi dəqiq alınmasa da, bu, sanki futbolçulara bir qədər özünəinam gətirdi. Çünki birinci hissənin sonlarında hücumçularımız rəqib qapıçısı Niklas Hedlə tez-tez həyəcan yaşatmağa müvəffəq oldu. Təəssüf ki, ardıcıl təhlükəli hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Donyonun passiv oyunu Emin Mahmudov, Yusuf Laval və Kenni Sayefin də işini xeyli çətinləşdirirdi. Qanalı forvard sanki 90 dəqiqə idi meydanda mübarizə aparmış, taqətdən düşmüşdü. Bu mənada fasilə onun da özünü yeniləməsi üçün göydəndüşmə oldu.

Kenni Sayefin hədiyyələri
“Rapid”in ikinci hissədə artıq daha böyük qüvvə ilə irəli atılması gözlənilən idi. Hücumda pressinq edərək “Neftçi”yə müdafiədən çıxmaq imkanı verməyən meydan sahibləri qol vəziyyəti yaratmaqda bu dəfə çətinlik çəkirdi. Çünki mərkəzi yaxşı bağlayan vitse-çempionumuz rəqibi xoşbəxtliyi cinahlarda axtarmağa vadar edirdi. Cinah asmalarını ucaboy müdafiəçilərimiz zərərsizləşdirdiyindən, avstriyalılar yerlə ötürmə variantına keçdi. Tamam hücuma aludə olan “Rapid”i cəzalandırmaq üçün Sayef mükəmməl şans yaxaladı. Uzun ötürmə zamanı qapıçı ilə üzbəüz qalan israilli yarımmüdafiəçi tələskənlik etməyib zərbə əvəzinə qolkiperi aldatmağı düşünsəydi, bəlkə də, matçın taleyini həll edəcəkdi.

Ferdinand Feldhofer əsas silahlarından biri Yusuf Demiri son yarım saatda döyüşə atdı. Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən Türkiyə əsilli yarımmüdafiəçi “Neftçi” üçün ciddi təhlükə mənbəyi idi. Sayefin qaçırdığı epizod “Neftçi”nin başına bəla oldu. Çünki ev sahibləri axtardıqları boşluğu 69-cu dəqiqədə tapıb, bundan lazımınca yararlandılar. Əks cinahdan ötürmə zamanı özünü Mbodja unutduran Marko Qrüllün yaxın küncə zərbəsini Brkiç dəf etməkdə aciz qaldı. Halbuki xorvatiyalı qolkiper, demək olar ki, üstünə gələn topu qaytarmalı idi. Sayef isə rəqibə “kömək olmaqda” davam edirdi. Bir qədər sonra sürətli əks-hücum zamanı 28 yaşlı futbolçu yenə komanda yoldaşlarının əziyyətini puç etdi, çətini seçərək, üzbəüz epizodda topu qapıdan kənara vurdu.

Ehtiyat qüvvənin olmamasının acı nəticəsi
Matç sona yaxınlaşdıqca oyun bir qədər sürətləndi. Xüsusən də, avstriyalıların cinahlardan həmlələri təhlükəli alınırdı. Əvəzində “Neftçi” futbolçuları top itkiləri ilə daha çox diqqət çəkirdilər. Düzdür, hər iki komandada yorğunluq hiss olunurdu. Ancaq qonaqlarda bu, açıq-aşkar özünü büruzə verirdi. Əsasən də irəlidə futbolçuların ayaqları sözlərinə baxmırdı. Donyonun zəif çıxışı Laval və Sayefi matçboyu çox qaçmağa vadar etdi ki, görüşün sonlarında onlar da taqətdən düşmüşdülər. Müdafiə xəttində isə Mert özünə bənzəmirdi. Millimizin üzvü top hər ayağına düşəndə onu itirməklə komanda yoldaşlarının işini çətinləşdirməklə məşğul idi. İki epizodda isə Brkiç çıxışda səhvə yol versə də, xoşbəxtlikdən vyanalılar qapını düzgün nişan ala bilmirdilər.

Feldhofer 90 dəqiqə ərzində üç əvəzləməyə əl atdısa, onun həmkarı 20-ci dəqiqədəki məcburi dəyişikliklə kifayətlənmişdi. Bu mənada Regekampfı qınamaq da olmaz. Çünki “Neftçi”nin ehtiyat skamyası olduqca kasad görünür. Xüsusən də, belə matçlar üçün onların nə qədər yararsız olduğu Bakıdakı ilk qarşılaşmada göründü. Ancaq meydandakı “11-lik” də yorulmuşdu. Belə olan halda əlavə 30 dəqiqənin oynanılması “Neftçi”yə heç yaramırdı. Çünki meydan sahibləri həm fiziki cəhətdən daha hazırlıqlı görünürdülər, həm də əvəzləmələrlə dinamikliyi artırmışdılar. Ancaq 5 dəqiqəlik fasilə təmsilçimizə nəfəs dərmək baxımından xeyli kömək olmuşdu. Çünki əlavə vaxta bakılılar daha yaxşı başladılar. 92-ci dəqiqədə Eminin standart vəziyyətdən zərbəsi zamanı dirək bu dəfə ev sahiblərinin imdadına yetişdi.

“Rapid”i pley-offa daşıyan Bakıdakı qol
Yalnız “Rapid”in 5-ci dəyişikliyindən sonra Regekampf əvəzləməyə əl atdı. Qaçırdığı şanslarla komandasını bu duruma salan Sayefin yerinə ilk matçda olduğu kimi, Azər Əliyev meydana daxil oldu. Bir qədər sonra Ömər Buludov da mübarizəyə qoşuldu. Ancaq bunlar da “sönən” komandaya işıq olmadı. Avstriyalıların ardı-arası kəsilməyən hücumları qolun gəlişindən xəbər verirdi. Gözlənilən top isə 112-ci dəqiqədə vuruldu. Eyni epizodda Kvirkveliyanın inamsız müdaxiləsi, Buludov və Stankoviçin rəqib önündə çarəsizliyi, Brkiçin isə zərbəyə gec və ləng reaksiya verməsi yorğunluqdan qaynaqlanırdı. Pato, Fərid Yusifli və Rəhman Hacıyevin son dəqiqələrdə meydana daxil olması, 3-lü müdafiəyə keçilməsi də yaraya məlhəm olmadı. Çünki 120 dəqiqə meydanda olanların hətta gəzməyə taqəti qalmamışdısa, sonradan oyuna qoşulanlar da sanki onlar qədər qaçmış kimi yorğun görünürdülər.

0:2 hesablı məğlubiyyət “Neftçi”ni Konfrans Liqasından uzaqlaşdırsa da, təmsilçimiz mübarizəni əslində Bakıda uduzdu. Çünki “Bakcell Arena”dakı qarşılaşmada saysız-hesabsız şansları əldən verən “ağ-qaralar” bu azmış kimi, son saniyələrdə qol buraxmaqla “Rapid”ə böyük ümid verdi. Nəticədə məhz həmin top Avstriya klubunu pley-offa daşıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest