12 Noyabr 2026, 08:46
FUTBOL
"İnanıram ki, insanlar onun bu çətin vəzifənin öhdəsindən necə uğurla gəldiyini görəndə təəccüblənəcəklər"
“Poçettino zəif və ya uğur qazanacağına az inanılan komandalarla işləməyi sevir. O, hələ karyerasının zirvəsinə çatmamış, lakin inkişaf etməyə, potensialını ortaya qoymağa həvəsli futbolçularla çox yaxşı dil tapır”. Matc.az xəbər verir ki, bunu “Tottenhem”in sabiq müdafiəçisi Tobi Alderveyreld deyib.
O, argentinalı mütəxəssis Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi postuna təyin olunması ehtimalını dəyərləndirib.
Futbolçunun sözlərinə görə, Poçettino özünü sübut etməyə çalışan, inkişaf potensialı olan futbolçularla işləməyi bacaran mütəxəssisdir. O, argentinalı məşqçinin hazırda “Mançester Yunayted”ə rəhbərlik etmək üçün münasib namizəd olduğunu düşünür:
“Düşünürəm ki, indi onun “Mançester Yunayted”ə keçməsi üçün ən uyğun zamandır. Komandadan gözləntilərin əvvəlki qədər yüksək olmaması ona işə daha sakit başlamaq imkanı verəcək. Yəqin ki, Poçettino məşq prosesində ciddi dəyişikliklər edəcək və komandanın mentalitetini yenidən formalaşdırmağa çalışacaq. İnanıram ki, insanlar onun bu çətin vəzifənin öhdəsindən necə uğurla gəldiyini görəndə təəccüblənəcəklər”.













