Premyer Liqanın XVII turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirildi. Matc.az saytı xəbər verir ki, son illərin prinsipial rəqibləri - "Qarabağ"la "Qəbələ" üz-üzə gəlirdi.

Bir gün əvvəl "Neftçi"nin büdrəməsi "Qarabağ" üçün bu qarşılaşmanın önəmini daha da artırırdı. Digər tərəfdən isə "Səbail"in "Sabah" üzərində qələbəsi "Qəbələ"nin birincilərdən uzaqlaşmaması baxımından vacib idi.

Qış fasiləsindən sonrakı ilk iki oyununda maksimum nəticə əldə edən "qırmızı-qaralar" rəqibinə asan təslim olmayacaqdı. Elə Sənan Qurbanovun meydana buraxdığı heyət də bunu deməyə əsas verirdi. Qalib heyəti dəyişməyən gənc çalışdırıcının bu seçimi, əslində riskli idi. Hər halda "Qarabağ"a qarşı 4 hücum oyunçusu ilə çıxmaq cəsarət tələb edir.

Ağdam klubunda isə ötən oyunla müqayisədə cəmi 1 dəyişiklik var idi. Müdafiənin sol cinahında Vild-Donald Gerye yox, Ansi Aqolli yer almışdı. Görünür, rəqibin sürətli cinah oyunçularına malik olması Qurban Qurbanovu bu addımı atmağa vadar etmişdi. ümumiyyətlə, hər iki komanda, demək olar ki, eyni taktiki düzülüşlə meydana çıxmışdı.

Sənan Qurbanovun irəlidə 4 oyunçu saxlamaqda məqsədi pressinq sayəsində rəqibin geridən oyun qurmasına maneçilik törətmək idi. Komanda hakimin start fitindən dərhal sonra ehtiyatlı oyun əvəzinə rəqiblə ayaqlaşmağa, hücum futboluna üstünlük verdi. Elə bu ehtiyatsızlıq da hesabın erkən açılmasına səbəb oldu. Top uğrunda mübarizədə Dani Kintanaya uduzan ürfan Abbasov epizodun davamında Maksim Medvedevi yıxdı və rəqibə penalti "qazandırdı". Millimizin müdafiəçisi 15-ci dəqiqədə cərimə meydanı daxilində bu dəfə Kintanaya qarşı kobud oynasa da, bəxti gətirdi ki, Rəhim Həsənov epizodu görmədi. Əks təqdirdə, qonaqların qapısına ikinci penalti göstəriləcəkdi.

Erkən qoldan sonra "Qarabağ" topa ustalıqla nəzarət edir, tempi istədiyi sürətdə yönləndirirdi. "Qəbələ"də ən ciddi problem orta sahə ilə bağlı idi. Belə ki, ön xətdəki "dördlük"lə müdafiə arasında böyük boşluq nəzərəçarpacaq dərəcədə idi. Elvin Camalovun ikinci dərəcəli oyunçu, Cavid Hüseynovun isə formadan uzaq olması güclü rəqib önündə aşkar hiss olunurdu. "Qırmızı-qaralar"da plemeykerin olmaması hücumçuların performansına da təsir edirdi. Ceyms Adeniyi ilə Stiven Monroz növbə ilə bu işi icra etməyə çalışsalar da, onların DNA-sı buna ziddi. ön xətdəki 4 oyunçunun hamısı, demək olar ki, eyni üsluba malikdi. Adeniyi-Monroz cütlüyü sol, Rauf Əliyev-Davit Volkov tandemi isə sağ cinahda köməkli nəsə etməyə çalışırdı. Komanda yalnız təktonuxuşlu ötürmələr zamanı rəqib müdafiəsinə çətinlik yarada bilirdi. 27-ci dəqiqədə qazanılan penalti epizodu zamanı Əliyev-Volkov tandeminin paslaşması qədər Bədavi Hüseynovun ləngliyi də böyük rol oynadı. Ancaq qonaqlar meydandakı yerlərini almamış yenidən hesabda geri düşdülər. Bu dəfə sol cinahdan qurulan hücumu sabiq "Qəbələ"li Filip Ozobiç baxımlı qolla tamamladı. Cəmi bir dəqiqə əvvəl bərabərlik qolunun müəllifi olan Cavid Hüseynovun orta sahədə gəzişməsi də qolda həlledici oldu. çünki penalti nöqtəsi yaxınlığında tam nəzarətsiz qalan Ozobiçi məhz kapitan tutmalı idi.

Bundan sonra "Qarabağ" tempi aşağı salmağı bacardı. "Qəbələ" müəyyən dərəcədə üstünlük əldə etsə də, bu, yalnız topa sahib olmaqda özünü büruzə verirdi. Qonaq komandanın heyəti əsasən sürətli hücumlar üzərində qurulduğundan, rəqib müdafiəyə çəkildiyi zaman futbolçular irəlidə nə edəcəklərini bilmirdilər. Müdafiəyə qapanmış rəqibi yalnız hiyləgər ötürmələrlə cəzalandırmaq olardı. Lakin pleymeykersiz "Qəbələ"də oyunu üzərinə götürəcək, cinahları hərəkətləndirəcək futbolçu yox idi. Cavid Hüseynov qalan dəqiqələrdə bu boşluğu doldurmağa çalışsa da, Hacıağa Hacılı-Riçard Almeyda tandemi ona topa sahib olduğu zaman düşünmək imkanı vermirdilər.

Hacıağanın ilk hissənin sonlarında sarı vərəqə alması Qurban Qurbanovu məcburi dəyişikliyə vadar etdi. çünki təcrübəsiz olmasını və mövqeyini nəzərə alan çalışdırıcı onu "qırmızı" riskindən qorumalı idi. Ancaq 21 yaşadək futbolçu limiti üzündən ağdamlılar bir əvəzləməni qurban verməli oldu. Belə ki, Hacıağanın yerinə Qara Qarayev mübarizəyə qoşuldusa, ilk hissəni zəif keçirən Dani Kintana yerini Mahir Mədətova verdi. Son çempion ağıllı oyununu bu hissədə də davam etdirdi. İlk məqsədi hesabı qorumaq olan ev sahibləri topu rəqibə verərək, əks-hücumlar barədə düşünürdü. "Qəbələ"nin əzbərlənmiş oyun üslubu ilə qol vurması mümkünsüz görünürdü. çünki ağdamlılar rəqibin hər iki cinahını məharətlə bağlamışdı. Sənan Qurbanovun da B planı, demək olar ki, yox idi. Hətta ehtiyatda belə, buna uyğun futbolçunun olmaması diqqətçəkən məqam idi. Qurban Qurbanov isə irəlidə boş-boşuna qaçmaqla məşğul olan İnnosent Emeqaranı Reynaldo Silva ilə əvəzləməklə yarımmüdafiədə sıxlığı daha da artırdı. çünki həmkarından fərqli, Reynaldo geriyə çəkilib, komanda yoldaşlarına kömək edirdi. "Sambaçı" hətta sona yaxın fərqlənə də bilərdi. Ancaq yaxın məsafədən çərçivəyə düşməyən Reynaldo yenə dönüşünü qolla qeyd edə bilmədi.

"Qəbələ" yalnız matça əlavə edilmiş 3 dəqiqədə ciddi təzyiq etməyə nail oldu. Ancaq uzun ötürmələr və cinah asmalarından da bir nəticə hasil olmadı. Bununla da "Qarabağ" təhlükəli rəqiblə görüşü itkisiz başa vuraraq, lider "Neftçi" ilə aradakı xal fərqini 1-ə endirdi. "Qəbələ" isə "Səbail"dən yenə uzaq düşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest