Sabah Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatına start veriləcək. Matc.az xəbər verir ki, bu gün çempionatın keçiriləcəyi məkanda sərbəst güləş üzrə məşqçilərin iclası keçirilib.
 
Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, o cümlədən Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev iştirak edib. Əvvəlcə Nəsimi Musayev çıxış edərək güləşlə bağlı görülən və görüləcək işlərdən, qarşıya qoyulan hədəflərdən danışıb. Daha sonra Qərib Əliyev və Orxan Məmmədov öz çıxışlarında nizam-intizama, güləş yarışlarına xas qaydalara riayət etməyin vacibliyini və digər müvafiq tələbləri diqqətə çatdırıblar. öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Sonda sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.
 
İlk dəfə keçiriləcək bu yarış Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. 4 gün davam edəcək çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Hər gün 5 çəkidə qaliblər müəyyənləşəcək. Medal qazanan güləşçilər bu yaş qrupu üzrə yığma komandalara cəlb olunacaq və iyulda Xorvatiyada keçiriləcək U-15 Avropa çempionatının hazırlıqlarında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest