"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Futbolçuları təbrik edirəm. çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var. Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular.
 
çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil. Hər oyuna ehtiyatla yanaşmalıyıq. Qarşıda Avropa Konfrans Liqasının oyunu var. Bu, elə bir turnirdir ki, kim tez səhv etsə, məğlub olacaq. Bütün klubların rəhbərliyi yaxşı nəticəyə ümid edir.
 
Azarkeşlərin rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə gəlincə, bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə qarşı şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. çox ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest