"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq.
 
Yaxşı futbol üçün yaxşı meydança vacibdir. Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən maksimum yararlandı. Futbolçularımız əziyyət çəkdi. "Keşlə"yə və Sənan Qurbanova uğurlar arzu edirəm.
 
Zubirin başla qol vurmağı yadıma gəlmir. Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur.
 
Buraxdığımız qol epizodunda həm qapıçı Şahruddin Məhəmmədəliyevin, həm də müdafiəçi Maksim Medvedevin səhvi vardı. Aralarında anlaşmazlıq oldu. Hər hansı səbəb axtarsaq, düz çıxmayacaq. Hər ikisini günalandırmaq olar. Meydança çox quru idi, top getmirdi. Qismətimizdə 1 xal var imiş.
 
Sabahdan Kipr "Omoniya"sına qarşı matçın hazırlığına başlayacağıq. Rəqib haqqında məlumatımız var. Komandanı yaxşı nəticə üçün hazırlayacağıq. Kipr səfərində təxribat ehtimalı barədə düşünmürəm. çünki nəsə olacağına inanmıram. Əvvəllər bəzi olaylar baş verib. Yəqin, UEFA da ciddi xəbərdarlıq edib. Nəsə olsa, yerində reaksiya veriləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest