“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Futbolçuları təbrik edirəm. Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Bəziləri idman formasından uzaq idi. Bu az matça çıxmaqla bağlıdır. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım.
 
Qaspar Panadero formada deyil. Onun növbəti avrokubok görüşünə kimi tam hazır olacağını deyə bilmərəm. Bugünkü formasından razı deyiləm.
 
Ramil Şeydayevə gəlincə, bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq. Düşünürəm ki, hər oyunçumuz növbəti görüşlərdə daha yaxşı olacaq. Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu, uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Hazırda qol epizoduna girirsə, daha da yaxşı ola bilər. Ozobiç çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır.
 
Bəhlul Mustafazadənın oyunundan razı qaldım. Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest