Dç-2022-nin seçmə mərhələsində 5-ci tur start götürdü. Matc.az xəbər verir ki, ilk üç oyunda xal qazana bilməyən Azərbaycan millisi 4-cü sınağına İrlandiya önündə çıxdı. Yığmamız kimi, irlandlar da buna qədər qrupda xal üzünə həsrət idi. Autsayderlərin Dublindəki duelində ən azı bir komanda bu həsrətə son qoyacaqdı.
 
Dç-2022-nin seçmə mərhələsi
A qrupu, 5-ci tur
4 sentyabr
 
İrlandiya – Azərbaycan - 1:1
Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1
Dublin, "Aviva" stadionu. Hakimlər: Jerom Brisar, Benjamin Peyc, Kristof Finjean, Mikael Lasaq (Fransa)

İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman (k), 4. Şeyn Daffi, 5. Con İqan, 6. Joş Kullen (14. Alan Braun, 88), 7. Mett Doherti (19. Ceyms Kollins, 80), 17. Ceyson Molumbi (8. Konor Hurihan, 63), 11. Ceyms Makkleyn, 21. Aaron Konnolli (15. Daril Horqan, 46), 10. Troy Parrott (12. Kallum Robinson, 63), 9. Adam Ayda
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 13. Ceff Hendrik, 18. Cemi Makqrat, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele
Baş məşqçi: Stefen Kenni

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 14. Elvin Bədəlov, 5. Maksim Medvedev (k) (13. Abbas Hüseynov, 70), 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 17. Toral Bayramov (3. Azər Salahlı, 70), 20. Filip Ozobiç (16. Anatoli Nuriyev, 79), 7. Namik Ələskərov (9. Rüstəm Əhmədzadə, 70), 10. Mahir Emreli (11. Ramil Şeydayev, 79)
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 15. Bəhlul Mustafazadə, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
 
Heyətdə 4 dəyişiklik, gözlənilən "11-lik"
üç gün əvvəl Lüksemburqda yerli komandaya 1:2 hesabı ilə məğlub olan yığmamızda əsas tənqid hədəfi baş məşqçi Canni de Byazi idi. Bu da italiyalı mütəxəssisin heyət seçimindən qaynaqlanırdı. De Byazi azarkeşlərin və futbol ictimaiyyətinin görmək istədiyi "11-liy"i İrlandiya önünə çıxardı. çalışdırıcı üç gün əvvəllə müqayisədə 4 dəyişikliyə əl atmışdı. Lüksemburqda ehtiyatdan başlayan Elvin Bədəlov, həmçinin legionerlərimiz Anton Krivotsyuk, Namiq Ələsgərov və Mahir Emreli bu dəfə ilk dəqiqələrdən döyüşə atılmışdı. Əvəzində Azər Salahlı, Abbas Hüseynov və İsmayıl İbrahimli ehtiyatda oturmuş, Əli Qurbani isə ümumiyyətlə, "23-lüy"ə salınmamışdı. ötən matçda sifariş olunmayan Bəhlul Mustafazadə ilə Rüstəm Əhmədzadə dünənki qarşılaşmada start heyətinə düşməsə də, ehtiyatda yer almışdı.
 
Bu dəyişikliklər taktikaya da öz təsirini göstərdi. Yığmamız bu dəfə 5-3-2 sxemi ilə meydana çıxdı. üçlü mərkəz müdafiənin ortasında Höccət Haqverdi, onun solunda Krivotsyuk, sağında Bədəlov yer aldı. Kapitan Maksim Medvedev bu dəfə öz mövqeyinə - müdafiənin sağına çəkilmişdi. Toral Bayramov da əks cinahda öz yerini tutmuşdu. Dayaq yarımmüdafiəçisi Qara Qarayevin önündə Emin Mahmudovla Filip Ozobiç mübarizə aparmalı idi. Legionerlərimiz Mahir Emreli ilə Namiq Ələsgərov hücumda tandem təşkil edirdi.
 
10 dəqiqəlik təşviş, imdada yetişən kapitan
Matça ev sahibləri aqressiv başladı. Erkən qol vurmaq üçün dayanmadan pressinq tətbiq edir və oyunu meydanın bizə aid hissəsinə daşıyırdılar. Rəqib əsasən də uzun ara paslara üstünlük verirdi. Bu mənada komandamızın müdafiəsinin sol cinahında boşluq sezilirdi. Bu da Krivotsyukla Bayramov arasındakı anlaşılmazlıqdan qaynaqlanırdı. İrlandlar məhz həmin cinahda sürət baxımından oyunçularımızı üstələyirdilər. Hətta bir epizodda erkən qola çox yaxın oldular. Yığmamızın imdadına özünü zərbənin önünə atan Maksim yetişdi. İlk 10 dəqiqədə təşviş içində olan komandamız müdafiədən heç cür çıxa bilmirdi. Qapıçı Şahruddin Məhəmmədəliyev topu ələ keçirdiyi zaman ötürmə ilə onun bizdə qalmasına çalışırdı. Lakin rəqibin aramsız təzyiqi nəticəsində futbolçularımız mərkəzi keçməmiş topu itirirdilər.
 
Taktiki dəyişikliyin bəhrəsi
Vəziyyətin çıxılmaz olduğunu görən millimiz 4-lü müdafiə sisteminə keçdi. Belədə Toral yarımmüdafiənin cinahına keçdi, Anton isə onun yerinə çəkildi. 4-4-2 sxemi bir növ özünü doğrultdu. Orta sahədəki oyunçuların sayının artması irlandların təzyiqini də məhv etdi. Futbolçularımız irəlidə daha çox adamla pressinq etməyə başladı və bu da yavaş-yavaş meydandakı mübarizənin bərabərləşməsinə gətirib çıxardı. Hissənin ortalarından etibarən matça tam nəzarət de Byazinin yetirmələrinin əlinə keçdi. Yığmamız artıq əksər komponentlərdə rəqibdən yaxşı nəzərə çarpırdı. Meydan sahibləri geri çəkilərək əks-hücum barədə düşünməyə məcbur oldu. Stefen Kenninin belə həmlələri də kifayət qədər təhlükəli alınırdı. Namiq-Mahir cütlüyündə birinci daha fəal nəzərə çarpırdı. Ələsgərov iki epizodda cərimə meydanı həndəvərindən təhlükəli zərbə ilə qapıçıya həyəcanlı an yaşatdı.
 
Hissənin sonlarında nəzarət tam komandamızın tərəfində idi. Buna rəğmən real qol vəziyyəti yaratmaq mümkün olmurdu. Paslaşaraq topu özündə saxlayan futbolçularımız rəqib qapısı qarşısında boşluq axtarışında idi. Artıq hər kəsin ilk yarının qolsuz bərabərliklə bitəcəyini gözlədiyi bir vaxtda Emin Mahmudov səhnəyə çıxdı. Lüksemburqla görüşdə cərimə zərbəsindən fərqlənən yarımmüdafiəçi bu dəfə fasiləyə 15 saniyə qalmış uzaq məsafədən mükəmməl zərbə ilə toru silkələdi.
 
Əhmədzadə qaçırdı, Daffi qələbədən məhrum etdi
Sürpriz qolla geri düşən İrlandiya millisinin ikinci hissəni hücumda keçirməsi gözlənilən idi. Rəqibin baş məşqçisi ardıcıl 3 əvəzləmə ilə ön xətt oyunçularının da sayını artırdı. Ev sahibləri yenə bir qayda olaraq cinah asmaları ilə qol axtarşına çıxırdı. Əksər epizodlarda Şahruddin inamlı çıxış sayəsində müdafiəçilərimizin işini yüngülləşdirir, topu ələ keçirirdi. Bəzi anlarda isə xoşbəxtlikdən başla zərbələrdə dəqiqlik çatmırdı. Rəqibin qola yaxınlaşdığını görən de Byazi birdən-birə 3 əvəzləməyə əl atdı. Hər üç dəyişiklik mövqelər üzrə edildi. Növbəti iki dəyişiklikdə də taktiki düzülüş olduğu kimi qaldı. Komandamız bu dəyişikliklərin bəhrəsini 81-ci dəqiqədə görə bilərdi. Rüstəm Əhmədzadə uzun reyddən sonra son nöqtəni qoymağa yaxın oldu. Lakin qapıçı qola mane oldu. "Vurmayana vurarlar" prinsipi bu dəfə də işə düşdü. İrlandların aramsız təzyiqi qarşısında sona qədər tab gətirmək mümkün olmadı. Nəticədə 87-ci dəqiqədə hücuma çıxan Şeyn Daffi başla Şahruddini məyus etdi.
 
Bununla da yığmamız Dublində qələbəni son dəqiqələrdə əldən verdi. Bunun fonunda tək təsəlli seçmə mərhələdə qazanılan ilk xal oldu. Millimiz növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest