"Neftçi"nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Makkabi"yə (Hayfa, İsrail) qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaq. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matça baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik
 
Təəssüflər olsun ki, planımız baş tutmadı. Rəqibi keçmək olar. Amma olduqca ciddi itkilərimiz var. Xüsusilə Yusuf Lavalın olmaması bizə problem yaradacaq. Bu cür meydanda, azarkeşlər qarşısında oynamaq asan olmayacaq. Sonadək mübarizə aparıb, yaxşı nəticə qazanmaq istəyirik
 
Sabahkı matçda həddindən artıq diqqətli olmalıyıq. İlk növbədə qol buraxmamalıyıq. Bakıdakı matçda rəqibin ustalığı ön plana çıxdı. Əvvəlcə bu problemləri aradan götürməliyik. Rəqibin hücumlarının qarşısını ala bilsək, Bakıya yaxşı nəticə ilə qayıda bilərik. Futbolçular cəzalı duruma düşəndən sonra beynimizdə müəyyən variantlar yarandı. Start heyətimiz bəllidir, sadəcə, indi açıqlamaq istəmirəm.
 
Əlimizdəki oyunçuların hamısı matça hazırdır. Bəzilərinə istirahət verdik. çünki ilk oyun çox ağır keçmişdi. Bəlkə də yorğunluğun fonunda səhvlər etdik. "Zirə"yə qarşı çempionat oyununda meydana fərqli oyunçuları buraxdıq. Düşünürəm ki, bu yolla həmin yorğunluğu aradan qaldırdıq. Gənc futbolçuların oyuna hazır olub-olmadıqları sabah görünəcək. Bizim onlar üçün edə biləcəyimiz şey şans verməkdir. Hər şey öz əllərindədir. Gərək, oynasınlar ki, nəyəsə qiymət verək. Onlara inanıram. Düşünürəm ki, bu, həmin gənclərə kömək edə bilər".
 
Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest