İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avropa çempionatının 1/8 final mərhələsində Fransa ilə oyunu şərh edib. Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis komandasının fantastik iş gördüyünü bildirib: "Hamımız beynəlxalq səviyyədə, böyük oyunlarda iştirak etmişik. Uzun illərdən bəri ilk dəfə Avropa çempionatının 1/4 finalına çıxan İsveçrə üçün çox vacib qarşılaşma idi. Bu əlamətdar qələbədən çox məmnunuq. Görüş bitdikdən sonra danışa bilmədim, tükənmişdim, səsimi itirdim. Ancaq deyə bilərəm ki, həmin 120 dəqiqədə komanda mübarizə aparmaq istəyi ilə fantastik iş gördü. öz oyunumuzu tətbiq etdik. Xüsusilə, son yarım saatda hücum qurmaq çox vacib idi. Yaxşı futbol göstərdik və bəzi məqamlarda rəqibdən üstün olduq".

Fransa yığmasının baş məşqçisi Didye Deşam isə oyunla bağlı qısa danışıb: "3:1 hesabı ilə öndə idik. Bunun üçün hər şeyi etdik. Amma bundan sonra zəif təsir bağışladıq. Penaltilər seriyasında məğlub olmaq həmişə ağrılıdır. Məğlubiyyətə görə günahkar yoxdu. Beşinci zərbəni vurmağı Mbappe özü istəmişdi".

Qeyd edək ki, Fransa – İsveçrə görüşünün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 3:3. Penaltilər seriyasında isə isveçrəlilər 5:4 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəliblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest