Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 23-ə çatıb. Matc.az xəbər verir ki, sərbəst güləşçi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada təşkil edilən Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, dördilliyin ən nüfuzlu yarışında iştirak hüququna yiyələnib. Hüseynovdan az öncə qadın güləşində Mariya Stadnik və Elis Monolova da Tokioya yollanmaq şansı qazanmışdı.  

Bu üç güləşçidən əvvəl isə taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, idman gimnastları İvan Tixonovla Marina Nekrasova, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, şosse velosipedində Elçin Əsədov, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanmada Nazim Babayev, boksçu Tayfur Əliyev (57 kq), qılıncoynadan Anna Başta (sablya) da 23 iyul – 8 avqust aralığında keçiriləcək oyunlara lisenziyaya sahib olmuşdu.  

Azərbaycan Sidney-2000-də 31, Afina-2004-də 36, Pekin-2008-də 44, London-2012-də 53, Rio-2016-da 56 idmançı ilə təmsil olunmuşdu. ölkəmiz 1996-cı ildə Atlantada keçirilmiş Yay Olimpiya Oyunlarına isə 23 idmançı ilə qatılmışdı.     

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest