"Mançester Siti" argentinalı yarımmüdafiəçi Enzo Fernandesin transferi ilə bağlı "Çelsi"yə təklif hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Bildirilir ki, futbolçunun transferini hazırda "şəhərlilər"in əsas komandasına rəhbərlik edən "zadəganlar"ın keçmiş baş məşqçisi Enzo Mareska şəxsən özü istəyib. "Çelsi"nin klubun tələblərinə cavab verəcəyi və "transfer pəncərəsi" bağlanana qədər Fernandesə əvəzləyici tapılacağı təqdirdə, yarımmüdafiəçi ilə bağlı gələn təklifə baxmağa hazır olduğu qeyd edilir.
25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin qışında Lissabonun "Benfika" klubundan "Çelsi"yə keçib. O, həmin vaxtdan bəri "göylər"in heyətində 170 oyuna çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. Futbolçu 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionatı qalibi olub və yığmada artıq 40 matçda meydanda olub, 6 qola imza atıb.
Onun London klubu ilə hazırkı müqaviləsi 2032-ci il iyunun sonuna kimidir. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 100 milyon avro qiymətləndirir.













