Premyer Liqanın ilk turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzan “Kəpəz”də ilk dəyişikliklə bağlı qərar verilib. Gəncə təmsilçisinin rəhbərliyi Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasovu əvəzləmək üçün namizəd axtarışına başlayıb. Həmkarımızın sentyabrın əvvəlində, yəni bir həftə sonra vəzifəsindən ayrılacağı bildirilir.
 
Qiyasovun “Kəpəz”in İdarə Heyətinin üzvü Fərman Əlizadənin yaxın qohumu olduğu qeyd olunur. Klub daxilindəki idarəçiliklə bağlı fikir ayrılıqlarının fonunda bu dəyişiklik də müəyyən suallar doğurur. İdarə Heyətinin sədri Anar Abdullayevin Əlizadənin fəaliyyətindən narazı olduğu və klubda müəyyən dəyişikliklərə hazırlaşdığı barədə məlumatlar var. Bu prosesin ilk mərhələsinin Qiyasovla bağlı qərardan başlaması da diqqət çəkir.
 
Qiyasov əməkdaşımızla söhbətində vəzifəsindən ayrılacağı barədə məlumatı təkzib etməyib.
 
Bizdə olan məlumata görə, komandanın qarşıdakı oyunlarda nəticələri istənilən səviyyədə olmasa, klubda başqa dəyişikliklərin də gündəmə gəlməsi mümkündü. Bu baxımdan Fərman bəyin də gələcək taleyi ilə bağlı müxtəlif ehtimallar səslənir. 
 
Belə ki, Əlizadənin yeni rəhbərliklə münasibətlərinin də o qədər isti olmadığı bildirilir. Görünən odur ki, “Kəpəz”də idarəçilik məsələləri ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur və bu proses hələ öz yekununu tapmayıb.
 
Xatırladaq ki, Fərman Əlizadənin ötən il “Kəpəz”ə təyinatından sonra o vaxtkı rəhbərlik Qiyasovun sələfi, təcrübəli mütəxəssis Azad Mustafayev postundan uzaqlaşdırmışdı.
 
İndi isə klubda vəziyyətin müəyyən qədər dəyişməsi diqqət çəkir. Vaxtilə baş verən kadr dəyişikliklərinin bu gün başqa formada gündəmə gəlməsi istər-istəməz qədim məsəli xatırladır: Gül-gülə, tikan-tikana. 
 
Görünən odur ki, “Kəpəz”də kadr məsələləri hələ bir müddət gündəmdə qalacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest