Topaz Premyer Liqasının ilk yarısı arxada qalan 2018/19 mövsümü "İnstat"ın səhnəyə dönüşü ilə əlamətdar olub. Bu şirkət Peşəkar Futbol Liqası ilə birlikdə hər turdan sonra ən yaxşı oyunçu və rəmzi komandanı müəyyənləşdirib.

Matç.az 14 turun yekunlarına əsasən dövrənin qəhrəmanlarını üzə çıxarıb. Söhbət turun oyunçusu kimi daha çox fərqlənənlər, həmçinin rəmzi komandaya daha çox düşənlərdən gedir.

İlk iki dövrədə 12 futbolçu turun ən yaxşısı olub. Onlardan ikisi bu ada daha çox – 2 dəfə layiq görülüb.

Bunlar "Qarabağ"ın legionerləri Filip Ozobiçlə Simeon Slavçevdi. ümumiyyətlə yerli futbolçular əcnəbilərin kölgəsində it-bat olub. 14 turda yerlilər 4, gəlmələr 10 dəfə ən yaxşı sayılıb.

çempionatın arxada qalan hissəsinin yarıdan çoxunda – 8 dəfə "Qarabağ"ın futbolçuları ən yaxşı seçilib. Digər 6 turdan ikisində isə çempionun oyunu təxirə salınıb. "Neftçi" və "Qəbələ" hərəyə 2, "Sumqayıt"la "Zirə" hərəyə 1 dəfə fərqlənib. "Keşlə", "Sabah" və "Səbail"də ən yaxşı seçiləcək futbolçu olmayıb.

Rəmzi komandaya düşmək üzrə rekordçu isə Səlahət Ağayevdi. "Neftçi"nin qapıçısı siyahıya 7 dəfə düşüb.

Onun komanda yoldaşı Mirabdulla Abbasov, "Qarabağ"ın legioneri Filip Ozobiç və "Sabah"dakı veteran Marko Deviç 5 dəfə "11-liy"ə düşüb.

4 dəfə rəmzi komandada alanların sayı daha çoxdu. Ən yaxşı müdafiəçilər Anton Krivotsyuk (Neftçi), Şəhriyar Əliyev (Sumqayıt), Abbas Hüseynov, Yakub Jezniçak (hər ikisi "Qarabağ) dörd dəfə "11-liy"ə daxil edilib. Ceyms Adeniyi (Qəbələ), Mahir Mədətov və Abdullah Zubir də (hər ikisi "Qarabağ" buna 4 dəfə sevinib.

"Qarabağ"ın futbolçuları hamıdan çox – 45 dəfə rəmzi komandaya düşüb. "Neftçi" bu göstəricidəki liderdən geri qalır – 36.

"Qəbələ"də bu rəqəm 20-di. Premyer Liqanın debütantı "Sabah"ın üzvləri isə 17 dəfə rəmzi komandada yer alıb.

Digər 4 komandanın təmsilçi sayı orta hesabla hər tura 1 nəfərdən də azdı. Yəni ümumi sayı 14-dən aşağıdı. çempionatın autsayderi "Zirə" digərlərini arxada qoyub – 13 dəfə.

"Səbail"də bu rəqəm 9-du. "Keşlə" və "Sumqayıt"ın futbolçuları 7 dəfə rəmzi komandaya düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest