Mahal Məmmədovun unudulmaz cəbhə təəssüratı…

Keşməkeşli, acılı-şirinli 2020-ci ili arxada qoyuruq. Bu il həm çətin, həm də şərəfli günləri birlikdə yaşadıq. Minlərlə şəhid verdik, igidlərimizi itirdik. Eyni zamanda zəfər hissini və qələbə duyğusunu yaşadıq. Öz gücümüzü, qüvvətimizi bir daha gördük, dəmir yumruq olmağı bacardıq.  44 günlük Vətən müharibəsi bir daha dünyaya göstərdi ki, azərbaycanlılar bir çox sahələdə uğur qazandığı kimi, döyüşməyi də bacarır. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz 44 günlük müharibədə hərbi akademiyaların dərsliklərinə salınacaq şücaət göstərdi, röyaları gerçəyə çevirdi. Vətən müharibəsində iştirak edənlərdən biri də həmkarımız, Futzal Federesiyasının mətbuat katibi Mahal Məmmədovdu. Prezidentin sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunan Məmmədov dünən ordudan tərxis olundu. Sentyabrın 29-da ikinci dəfə hərbi mundiri əyninə geyib cəbhəyə yollanan baş leytenant döyüş təəssüratını bizİmlə bölüşdü.

“Onda bir daha başa düşdük ki, bu həna o hənadan deyil”

Sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng vurub bildirdilər ki, ertəsi, yəni 29-da, saat 17:20-də komissarlıqda olmalısan. 17:30-da isə artıq çıxış idi. Həmin gün Goranboydakı hərbi hissələrin birinə getdik. Orda bir neçə gün qalandan sonra bizi Bərdəyə göndərdilər. Goranboyu tərk etməyimizin səbəbi də maraqlıdı. Olduğumuz hərbi hissənin koordinatları düşmənə ötürülmüşdü. Hətta buna görə bir çobanı da saxlamışdılar. 4 gün Bərdə Olimpiya Kompleksində qaldıqdan sonra məni Ağdama göndərdilər. Onu da qeyd edim ki, ermənilər Bərdəni ilk dəfə raket atəşinə tutanda biz ordaydıq. Onda bir daha başa düşdük ki, bu həna o hənadan deyil. Dünən (srağagün) Ali Baş Komandanın sərəncamı ilə bir qrup zabit və əsgərə “Ağdamın azad olunmasına görə” medalı təqdim olundu. Sosial şəbəkələrdə bəzi insanlar “Ağdamda döyüş olub ki, bunlara medal verirlər” kimi fikirlər yazıb paylaşdılar. Ümid edirəm ki, bu fikirləri yazanlar səhvlərini başa düşəcəklər. Düşmənin bəlkə də ən çox qüvvəsi məhz bu istiqamətdə cəmləşmişdi. Şuşasız Qarabağ yoxdu, Şuşaya isə ən qısa yol məhz Ağdamdan keçdiyinə görə bu tərəfdə böyük qüvvəsi toplanmışdı, mühəndis-istehkam qurğuları yetərincə möhkəmləndirilmişdi. Ağdam çox strateji bölgədi. Ordumuz Füzuli istiqamətində ermənilərin müdafiə xəttini yardıqdan sonra düşmən məhz Ağdam istiqamətindən hücumlar edirdi. İstəyirdilər ki, bu tərəfdən müdafiəni yarıb ordumuzun müəyyən hissəsini mühasirəyə alsınlar. Buna görə də tez-tez postlarımıza hücum edir, mülki əhali arasında qorxu yaratmaq üçün gücə-gündüz bizdə olan kəndləri atəş altında saxlayırdılar. Minamyot atəşi yağış kimi yağırdı. Bu üzdən deyirəm ki, Ağdamda vəziyyət bəzilərinin düşündüyü qədər yaxşı deyildi.

“Xasiyyətinə bələd olduğumdan məcburən ona yalan danışırdım”

Özüm əslən Tovuzdan olduğumdan artıq 12-13 yaşımdan müharibənin nə olduğunu bilirdim. 6-cı sinifdə oxuyanda sinif yoldaşlarımdan biri düşmən gülləsinə tuş gəlmişdi. Özlüyümdə fikirləşirdim ki, məni artıq heç nə təəccübləndirməz. Ancaq 44 günlük Vətən müharibəsində gördüklərim və yaşadıqlarım bir başqa hissdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Məhz onların sayəsində bu gün biz fəxrlə “qalib gəldik” deyib, başıuca gəzirik. Mən orduda 2001-03-cü illər aralığında xidmət etmişdim. 17 ildən sonra yenidən zabit paltarını geydim. Ancaq bu dəfə məsuliyyət tam başqa idi. Müharibədə sərəncamında olan əsgərlərin taleyi mənə tapşırılmışdı ki, onları göz bəbəyi kimi qorumalıydım. Hərbi hissədə qeydiyyata düşəndə səndən şəxsi məlumatlar öyənilir. Və bundan əlavə əlaqə nömrəsi istəyirlər. Soruşanda “bu nə üçündü”, “qardaş, bu müharibədi, hər şey ola bilər”, - deyə cavab verdilər. Yəni hər an nəsə baş verəcəyini göz önünə almalısan. Mən də qardaşımın telefon nömrəsini vermişdim. Düzdü, ailə üzvlərimlə müntəzəm danışırdım. Hər danışığımızda onları nə qədər ağır olsa da, çalışırdım psixoloji cəhətdən hazırlayım. Müharibə elə şeydi ki, nəinki hər saat, hər an başına nəsə gələ bilər. Anam yalnız müharibə qutarandan sonra bildi ki, mən də ön cəbhədə olmuşam. Onu da qohumlarımız ona deyib. Hər dəfə anamla danışanda yalandan deyirdim ki, Pirəkəşküldə və ya Hacı Zeynalabdin qəsəbəsindəki hərbi hissələrin birində təlimdəyik. Xasiyyətinə bələd olduğumdan məcburən ona yalan danışırdım. O bilsəydi ki, mən ön cəbhədəyəm, yanıma gələcəkdi. Mənimlə bir yerdə olmasa da, yaxınlıqda qalardı.

“Hamısında elə ruh var idi ki, desəydin dayanmadan İrəvana doğru gedin, gedəcəkdilər”            

Az yaşım yoxdu, bu günə kimi çox şeylə üzləşmişəm. Bizə həmişə deyirdilər ki, xalqımızda ruh yoxdu, Qarabağı müharibə yolu ilə qaytara blməyəcəyik. Ancaq 44 günlük savaş bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, azərbaycanlılar vətən uğrunda canlarından keçməyə hazırdılar. Təlim vaxtı səfərbərliklə döyüşə gəlmiş əsgərlər sıra düzülüşündə yüksək çinli zabitlər tərəfindən təlimatlandırılırdı. Mənim kimi onların da bir çoxu uzun aradan sonra yenidən əyninə hərbi paltar geymişdi. Polkovniklər, mayorlar sıra qabağında çıxış edəndə həmin oğlanların, demək olar ki, hamısı “biz bura sizin nağıllara qulaq asmağa gəlməmişik, bizə silah verin və ön cəbhəyə yollayın” deyirdilər. Uşaqlar arxada olmağı özlərinə sığışdırmırlar. Hamısında elə ruh var idi ki, desəydin dayanmadan İrəvana doğru gedin, gedəcəkdilər. Bu müharibə bizə çox şeyi öyrətdi. Ali Baş Komandanın hər “tvit”i, telekanallarda çıxışı bizə əlavə ruh yüksəkliyi verirdi. Şuşanın alınması xəbərini isə mənə qızım mesajla yazdı. Döyüşdə olduğumuz üçün ehtiyatlı tərpənirdik, gələn mesajları oxuyandan sonra tez silirdim. Ancaq qızımdan gələn həmin mesajı bu günə kimi telefonumda saxlayıram. Olduğum hərbi hissədə qaydasız döyüş üzrə dünya çempionu olan əsgər də var idi. Ondan başqa media nümayəndələri də qələmi avtomata dəyişmişdi. Aznyus.az potalının baş redaktoru, müstəqil jurnalistikayla məşğul olan başqa bir nəfərlə tez-tez görüşüb söhbətləşirdik. Bərdədə olanda qafqazinfo.az saytının reportyoru Emin Səfərov, report.az-dan İsmayıl Nəsibli ilə üz-üzə gəldim. Onlar cəbhə bölgəsindən reportajlar hazırlamaq üçün ezam olunmuşdular.

“Bütün bunlar adamı fərəhləndirir, sabaha ümid yaradır”

Sizinlə danışmamışdan bir saat əvvəl ordudan tərxis olundum və hazırda yoldayam. Bu aralıqda mənimlə maraqlanan, zəng edib əlaqə saxlayan çox adam oldu. Tərxis olunduğuma görə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Futzal Federasiyasının prezidenti Zaur Axundov əlaqə saxlayıb təbrik etdilər. Media nümayəndlərindən ən çox məni arayan, problemimin olub-olmadığını soruşan İxtiyar Əsgərov idi. Hacı Mərdan da mütəmadi zəng vururdu. Firuz Abdulla, Etibar Tağıyev, Elxan Tağızadə də unutmamışdılar. Futzal yığmasının üzvlərinə, “Araz”ın oyunçularına təşəkkür edirəm. Bəlkə də mülki həyatda belə şeylər adi qarşılanır, ancaq müharibədə bütün bunlar adamı fərəhləndirir, sabaha ümid yaradır. Odun-alovun içində səni arayan olduğunu hiss edəndə tam fərqli hisslər keçirirsən. Şükür Allaha, hər şey xoş sonluqla başa çatdı, uzun illər həsrətini çəkdiyimiz torpaqları düşmən işğalından azad etdik. Vaxt gələcək bu müharibədə qanı və canı ilə tarix yazan oğularımız barədə tarix kitablarında oxuyub, qürur hissi keçirəcəyik.

mənbə: Futbol+ qəzeti

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest