"Yaxşı ki, varsınız, bizimləsiniz. Son zamanlar dünyada baş verən məsələ ilə bağlı danışmaq yox, məsləhətlərimi vermək istəyirəm". Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev klubun "Facebook" səhifəsində canlı yayımda azarkeşlərin suallarını cavablandırarkən deyib. 
 
28 yaşlı yarımmüdafiəçi tezliklə bu virusun bitəcəyini və məşqləri bərpa edəcəklərinə inandığını bildirib: "Mən də #evdəqal aksiyasına qoşulmuşam. Bütün günü evdə oluram. Məşqlərimə evdə davam edirəm. Sizə də məsləhətim odu ki, evdə qalın, sağlam olun. O demək deyil ki, yalnız özümüzü qoruyaq. Bununla həm də cəmiyyətimizdəki digər insanları qoruyursuz. Sizdən xahşim odu ki, evdə qalın. Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik. Səbrli olun, evdəkiləri qoruyun, Allah amanında olun".
 
Qarayev "Komandaya hücumçu lazımdımı" sualına belə cavab verib: "Hər mövqeyə oyunçu lazımdı, xüsusən də hücumçuya gərək var. Düşünürəm ki, klubun bu işlə məşğul olan heyəti daim axtarışdadı".
 
Təcrübəli yarımmüdafiəçi hazırkı şəraitdə avrokuboklarda uğurlu çıxış barədə düşünməyi məqsədəuyğun saymayıb: "Biz avrokuboklarda ölkəmizə, millətimizə komanda olaraq uğurlar qazandırmağa çalışmışıq. Avrokuboklar barədə danışmaq üçün tezdi. Sabah necə olacağını heç kim bilmir. çempionat bərpa olunduqdan sonra bu barədə danışmaq olar".
 
28 yaşlı yarımmüdafiəçi geriyə müntəzəm ötürmə etməsinə dair iddialarla razılaşmayıb: "Mənim oynadığım mövqe dördlü müdafiənin önüdü. Matç ərzində ən çox təzyiq orada olur. Rəqibin mənim mövqeyimdə topu əldə etməsi birbaşa bizim qapımıza təhlükədi. Bütün oyunlardan sonra statistik göstəriciləri özüm üçün toplayıram. "Barselona"nın oyunçularından tutmuş, "Real"ın və digər klubların futbolçularına qədər müqayisə aparıram ki, daha çox arxaya ötürmə verirəmmi? Bütün hallarda mənim arxaya ötürməm daha azdı".
 
Qarayevin sözlərinə görə, insanlarda geriyə ötürmə verməsi kimi bir deyim kimi formalaşıb və onların beyinlərində həkk olunub. Onun fikrincə, bəzən geriyə ötürmə etmək qorxaqlıq və top itkisinə görə çəkinmək anlamına gəlməməlidi: "Bəzən oynadığımız komandalar elə səviyyədə olur ki, topun bizdə daha çox qalması komandamızın daha yaxşı oyun nümayiş etdirməsinə gətirib çıxarır. Arxaya çox ötürmə verdiyimi düşünmürəm. Milli komandanın oyunlarından sonra da bəzi jurnalistlər mənə belə bir irad tuturdular. Mən isə statistik göstəriciləri onlara göstərdim və sübut etdim ki, ən az geriyə ötürmə edənəm. Tələb etdim ki, yazılarını dəyişsinlər. Amma dəyişmədilər. Yenə də öz fikirlərində qaldılar". 
 
Oyunçu "Neftçi" ilə Azərbaycan Premyer Liqası matçında Dani Kintanaya, yoxsa Şimali İrlandiya "Linfild"i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Abdullah Zubirə verdiyi ötürmə daha yaxşı alındı" sualına belə cavab verib: "Bu məsələlərdə şəxsi prinsiplərimizi ölkə və millət prinsiplərindən üstün tutmamışam. Düşünürəm ki, "Linfild"lə oyundakı ötürmə millətim və futbol adına çox iş gördü və komandamıza nəticə qazandırdı. Avropa Liqasında qrupa düşməyimizi təmin etdi. ölkə çempionatında "Neftçi" ilə qarşılaşmada verdiyim ötürmənin dəyəri yüksəkdi. Beynəlxalq arenada Zubirə verdiyim ötürmə isə daha əla idi".
 
Oyunlara "2" nömrəli forma ilə çıxmasının səbəbini açıqlayan 28 yaşlı yarımmüdafiəçi bunun tarixçəsini danışıb. Qarayevin sözlərinə görə, "Qarabağ"da oynamağa başlayanda bu nömrə ilə Elnur Allahverdiyev çıxış edib: "Mənim üçün "2" nömrənin xüsusi anlamı yoxdur. Sadəcə, bu rəqəmə simpatiyam var. Hətta Elnudan xahiş etmişdim ki, "2" nömrəni mənə versin. O isə "yox, özüm geyinirəm" demişdi. Ondan sonra məndə prinsipiallıq yarandı. özümə söz verdim ki, nə olur-olsun, bu nömrəni ələ keçirəcəm".
 
Təcrübəli oyunçu çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinin liderləri, dünya futbolunun iki əfsanəsi - İspaniya millisi və "Barselona"nın sabiq üzvü Xavi Ernandeslə İtaliya yığması və "Yuventus"un keçmiş yarımmüdafiəçisi Andrea Pirlonu müqayisə edib: "Milli komandanın heyətində Pirloya qarşı oynamışam. Hansı səviyyədə oynadığı göz qabağında idi. Bizimlə matçda görmüşdük. Amma "Barselona" azarkeşi olduğum üçün Xaviyə daha çox simpatiyam var. Onun "Barselona"da gördüyü işləri daha çox ön plana çıxarmaq istəyirəm. Seçim qarşısında qalsam, Xavi deyəcəyəm".
 
Milli üzvü "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketsin oyun üslubunu bəyəndiyini söyləyib: "Fiziki göstəricilərimə görə azarkeşlər məni Marko Verattiyə bənzədirlər. Amma mən oyun üslubumun daha çox Serxio Busketsə oxşamasını istərdim. Kumirim deməzdim, amma daha çox onun oyunlarını izləyir və hərəkətlərini yadımda saxlamağa çalışıram".
 
Futbolçu ən çox sevdiyi yeməyin adını açıqlayıb: "Qarabağ" və milli komandalarla səfərə çıxdığımız vaxtlarda bizim mətbəxin çox fərqli olduğunu hiss etmişəm. öz yeməklərimizin dadı daha mükəmməldi. Ən çox xoşladığım yemək Qarabağ plovudu".
 
Qarayevin sözlərinə görə ən çox məyus olduğu oyun 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya "İnter"i ilə qolsuz bərabərə qaldıqları qarşılaşma olub: "Həmin görüşdən sonra bir həftə şokda oldum. çünki tarixi uğura imza atacaqdıq. Amma qismət olmadı. Hakimin verdiyi yanlış qərar bizi qrupdan çıxmağa qoymadı".
 
Dayaq yarımmüdafiəçisi sonda bildirib ki, "Qarabağ"ın baş məşqçisi olsa, 11 metrlik cərimə zərbələrini vurmağı Mahir Emreliyə həvalə edərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest