"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç İsveçrə mətbuatına maraqlı müsahibə verib. Matc.az saytı xəbər verir ki, 30 yaşlı forvard "qırmızı-qaralar"da keçirdiyi ilk ilini yada salıb.

Subotiç 2013-cü ilin yayında "Volın"da olarkən "Qəbələ" ilə yanaşı, "Styaua"dan təklif aldığını, lakin pula görə Azərbaycan klubunu seçdiyini etiraf edib. çünki həmin vaxt "Qəbələ"nin təklifi həftəlik 50 min İsveçrə frankı olub ki, bu da Subotiçin qərarında həlledici rol oynayıb. Bu isə o deməkdi ki, Serbiya əsilli hücumçunun 2013-14 mövsümündə "Qəbələ"də illik məvacibi 2 milyon manata yaxın olub.

Subotiç özü də pula görə bu addımı atdığını vurğulayıb: "Gələcəyimi düşünmək vaxtı çatmışdı. Ailə qurmaq və ev almaq istəyirdim. "Styaua" da təhlükəsiz deyildi. Orda möhkəmlənmək çox riskli olardı".

Hücumçunun cəmi bir ildən sonra "Qəbələ"ni tərk etmək səbəbi isə pulla yanaşı, Qəbələdəki həyat tərzi olub. O, bu şəhərin avropalı futbolçu üçün darıxdırıcı olduğunu düşünür. Maraqlıdı ki, futbolçu 2014-cü ildə yollandığı Küveytin "Al-Qadsia" klubunda ikiqat çox, 4 milyon manat qazanıb.

Yazının müəllifi futbolçunun ölkəmizi tərk etməsinin səbəbini belə izah edib: "Daniel digər futbolçular kimi, klub prezidentinin otelində yaşayırdı. Ancaq ölü şəhər idi, nə restoran, nə mağaza var idi. Qısa müddətdə özünü orda türmədəki kimi hiss etdi".

Qeyd edək ki, Daniel Subotiç 2017-ci ilin yanvarında "Qəbələ"yə qayıtsa da, cəmi 6 aydan sonra yenidən ölkəmizi tərk edib. Forvard bu ilin yayında "Qrasshoppers"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest