Mövsümün 4 mərkəzi oyunundan ikincisi dünən baş tutdu. Son çempion "Qarabağ" titulu ondan almağı qarşısına məqsəd qoyan "Neftçi"nin qonağı idi.

"Bakcell Arena"dakı qarşılaşmanın önəmi paytaxt klubu üçün daha böyük idi. çünki 8 xallıq fərqi "əritmək" baxımından bundan yaxşı şans ola bilməzdi. "Qarabağ" üçün isə Avropa Liqasının qrupunda, bəlkə də, taleyini həll edəcək APOEL səfəri öncəsi "Neftçi" ilə qarşılaşmaq yerinə düşmürdü. çünki Qurban Qurbanov əsas heyəti qorumaqla çempionatdakı vəziyyətini riskə ata bilərdi. Bu üzdən ağdamlılar Azərbaycan derbisinə, demək olar ki, ideal heyətlə çıxmışdı. Yalnız əla formada olan İsmayıl İbrahimli ehtiyatda qalmışdı. Qurbanov orta xətdə boşluğun yaranmamağı üçün Riçard Almeyda ilə Miçelin yanında Hacıağa Hacılını oynatmaq qərarına gəlmişdi.

Roberto Bordin isə həm heyətdə, həm də taktiki sxemdə dəyişiklik etmişdi. Fərdi oynamağı sevən Dario Frederikonu ehtiyata atan italiyalı mütəxəssis beşli müdafiə sisteminə keçmişdi. 5-3-2 ilə oynayan "ağ-qaralar" bu gedişlə mərkəzi də rəqibə verməmək planı qurmuşdu.

Bir tərəfdə coşğu, bir tərəfdə həyəcan...

İlk dəqiqələrdə "Qarabağ"da start həyəcanı diqqət çəkirdisə, "Neftçi"də coşğu, istək var idi. Az qala 18-ci saniyədə hesab açılacaqdı. ümumiyyətlə, qonaqlar hakimin start fitindən sonra 10 dəqiqə ərzində qapıdan çıxa bilmirdilər. "Neftçi"nin amansız pressinqi nəticəsində qısa müddətdə "Qarabağ"ın iki futbolçusu sarı vərəqə aldı. Ardıcıl təhlükəli həmlələr qonaqlarda çaşqınlıq yaratmışdı. Həmin periodu qol buraxmadan başa vuran "Qarabağ" getdikcə vəziyyəti lehinə dəyişməyə nail oldu. Ağdamlılar artıq öz oyunlarını tapıb, topla daha çox rəftar edirdilər. çempionatda nadir hallarda görünən gərginlik, həyəcan tempin də aşağı düşməsinin qarşısını alırdı.

Geryeni sıxan "trio", uzun top gözləyən cütlük

"Neftçi"nin start heyəti komandanın hücum futbolu sərgiləməsinə imkan vermirdi. Hücumameylli oyunçunun az olması irəlidə hücumçulara əziyyət verirdi. "Ağ-qaralar" 10 dəqiqəlik pressinqdən sonra əks-hücum taktikasına keçdi, uzun ötürmələrlə Baqali Dabo-Stiven Monroz cütlüyünü topla təmin etməyə çalışdı. üstəlik, soldan bek-vinger funksiyasını yerinə yetirməli olan Donald Gerye də çox irəli çıxa bilmirdi. çünki Miçelin Dani Kintanaya yaxın oynaması istər-istəməz haitilini əsas diqqəti müdafiəyə yönəltməyə məcbur edirdi. Ondan fərqli, əks cinahdakı Tural Axundov tez-tez hücuma keçməyə macal tapırdı.

"Qarabağ"da Maksim-Miçel-Kintana "trio"su sağ cinahda üçbucaq yaradaraq, rəqibi gərginlikdə saxlayırdı. ümumiyyətlə, komanda topa sahib olduğu zaman Miçel bir növ sağ cinah hücumçusu kimi oynayır, Dani isə aut xəttinə qədər çəkilirdi. Əks cinahda Almeyda daha çox geridən oynayır, hücumların qurulmasında əsas yükü daşıyırdı. Həmçinin, rəqibin əks-hücumları zamanı da Hacıağaya kömək edirdi. Diqqət çəkən məqamlardan biri Zubirin nisbətən sadə oynaması, driblinqlərə çox meyl etməməyi idi. çünki fransalı itirəcəyi hər topun qarşı tərəfin əks-hücumuna yol açacağını bilirdi.

Mübarizlik, top itkiləri, yorğunluq...

İlk yarıda oyun keyfiyyəti, yaradıcılıq var idisə, ikinci hissədə komandalar daha çox top uğrunda mübarizə aparmaqla məşğul oldular. Hər iki tərəf sürətli həmlələr etməyə çalışsa da, tələskənlik nəticəsində tez-tez top itkilərinə yol verilirdi. Bu amil, xüsusən də, yarımmüdafiə xəttində boşluqlar yaradırdı.

ümumilikdə ikinci 45 dəqiqəni "Neftçi"nin aktivinə yazmaq lazımdı. Qonaqların ilk yarıda çərçivəyə düşən cəmi bir zərbəsi oldusa, ikinci hissədə ev sahiblərinin müdafiə xətti daha etibarlı göründü. Dəqiqələr keçdikcə "Qarabağ"da top itkiləri daha çox olurdu. Futbolçularda yorğunluq da özünü büruzə verirdi. Bunu nəzərə alan Qurban Qurbanov əvəzləmələr zamanı yaradıcılıqdan çox mübariz futbolçulara üstünlük verirdi. çünki matçın axarı çalışdırıcını buna məcbur edirdi.

Xilaskar Beqoviçin 1 xallıq töhfəsi

Rəqibin yüksək templə ayaqlaşmaqda çətinlik çəkdiyini görən Roberto Bordin isə Namiq Ələsgərovla Dario Frederikonu "döyüşə" atdı. İtalyan beşli müdafiə sisteminə sona qədər sadiq qalsa da, artıq 3 hücumçu ilə oynayırdı. İlk hissədə komandasını bir dəfə qoldan qurtaran Asmir Beqoviç ikinci yarıda da iki epizodda qurtarıcı rolunu oynadı. Bosniyalı çətin durumlarda qəhrəmanlıq edərək, əsl qapıçının, həqiqətən də, komandanın yarısı olduğunu aşkar şəkildə göstərdi.

Beləliklə, çempionata bəzək qatan matçda çatışmayan yeganə şey qol oldu. Bu da "Neftçi"nin əleyhinə, "Qarabağ"ın isə lehinə işlədi.

"Sinifdə qalan" hakimlik

Baş hakim İnqilab Məmmədov ilk 8 dəqiqədə qonaqların iki futbolçusuna sarı vərəqə göstərməklə gərginliyə yol açdı. Hansı ki, həmin epizodları vərəqəsiz də ötüşdürmək olardı. Bənzər epizodlarda "Neftçi"nin oyunçularını bağışlaması isə vəziyyəti daha da çıxılmaz hala sala bilərdi. Məsələn, birinci hissədə Tural Axundova simulyasiya, Baqali Daboya isə kobud oyuna görə "sarı" vermək olardı. Məmmədovun bəxti onda gətirdi ki, futbolçular oyun ərzində çox sərtliyə yol vermir, daha çox yaradıcılığa meyl edirdilər. Ancaq son dəqiqələrdə oyunun ipini əlindən buraxmışdı. Görüş daha 5 dəqiqə uzansaydı, dava-dalaş qaçılmaz olacaqdı.

Matç bitdi, "Forza Neftçi" - "İmarət" rəqabəti bitmədi

Mövsümün əvvəlindən matçlarda komandanın əleyhinə şüarlar səsləndirən, durmadan baş məşqçini, rəhbərliyi istefaya səsləyən "Neftçi" azarkeşləri üçün "Qarabağ"la qarşılaşma istisna oldu. Hər iki komandanın fanat ordusu əsl derbi atmosferi yaratmışdılar. Ancaq həm "Forza Neftçi"nin, həm də "İmarət"in oyunboyu öz komandalarını dəstəkləməkdən çox, rəqibin ünvanına təhqiramiz şüarlar səsləndirməsi heç də alqışlanası məqam deyil. Yaşıl meydanlarda görmək istədiyimizi onlar matç bitdikdən sonra göstərdilər: oyun başa çatmış, meydanda heç kim qalmamışdı, amma hər iki komandanın azarkeşləri tribunaları tərk etmir, qarşı tərəfin yaxşı mənada səsini batırmağa çalışırdı. Bu da Azərbaycan derbisi üçün əla nöqtə oldu.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest