Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL artıq Bakıya gəlib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Doll sabahkı qarşılaşmada heyətdə ciddi dəyişikliklərlə diqqət çəkəcək.

Belə ki, almaniyalı mütəxəssisin Kipr çempionatında "Doxa" ilə ötən həftəsonu keçirilən oyundakı heyətə əl gəzdirəcəyi bildirilib. Zədə səbəbindən liqa matçını buraxan qapıçı Vid Beleç yenidən çərçivədəki yerini alacaq. Həmin qarşılaşmada zədələndiyi üçün erkən əvəzlənən Savvas Gentsoğlu da ilk dəqiqələrdən meydanda ola biləcək.

Bundan başqa "Doxa" ilə oyunda istirahət verilən hücumçu Roman Bezyak, həmçinin sonradan meydana daxil olaraq komandasının ikinci qoluna imza atan Andriya Pavloviçin də start heyətində yer alması gözlənilir.

Komandanın liderlərindən olan müdafiəçi Giorqos Merkis də öz yerini tutacaq, Vuyadin Saviçlə birlikdə mərkəzdə tandem təşkil edəcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – APOEL matçına saat 20:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest