"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Premyer Liqanın V turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri (1:1) matçdan sonra brifinq keçirib.  Matc.az xəbər verir ki, o, komandasının çıxışını dəyərləndirib.

- Son iki oyunda meydanda tamam fərqli komanda var idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Düşünürəm ki, bunun səbəbi akademiyamızın gənc yetirmələrinin özlərini göstərmək istəməsidi. Burda başqa bir səbəb yoxdu. Eyni heyət və eyni legionerlərdi. Komandada özünəinamı yarada bilmişik.

- Sanki futbolçular meydanda daha istəklidi...

- Bu, inama görədi. Komanda bundan öncəki görüşdə onu hiss elədi.

- Ola bilər ki, həmin inamı sabiq baş məşqçi Sənan Qurbanov yarada bilməyib, amma Elmar Baxşıyev bunu bacardı? Bəlkə oyunçular nəyəsə görə oynamırdılar?

- Elə bir şey ola bilməz. Kollektiv bir ailə kimidi. Görünən odu ki, kollektivdə inam itmişdi. Sənan müəllim, bəlkə də, onu bərpa edə bilmədi.

- Demək olar ki, komanda öz oyununu tapıb?

- Sevindirici haldı ki, komandanın əsas hissəsi akademiyadakı futbolçulardan ibarətdi və biz oyunumuzu göstərə bilirik. Son iki görüşdə qolları akademiyanın oyunçuları vurur. Bu isə məni sevindirir. Bu istək və əzmkarlıq olduğu müddət qələbələr olacaq.

- ölkə xaricində də baş məşqçi axtarışlarını davam etdirirsiniz. Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gələcək?

- Məşqçi ilə bağlı namizədlər çoxdu. Həm ölkədə, həm də ölkə xaricində danışıqlar gedir. Qərar verməyə tələsmirik. Hələ ki, məsələyə baxmırıq. Bu, gündəmdə deyil.

- Elmar Baxşıyev baş məşqçi kimi təsdiqlənə bilər?

- Variant kimi var. Başqa səbəblərdən başqa məşqçi məsələsi gündəmdə deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest