FİFA 2026-cı il dünya çempionatı zamanı irqçilik əleyhinə fəaliyyətlərə qayıtmaq niyyətindədir. Qərar ötən ilki klublararası dünya çempionatı zamanı bu cür təşəbbüslərin azalmasından sonra qəbul edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, FİFA turnir zamanı stadionlarda "İrqçiliyə yox" kampaniyasının bir hissəsi kimi mesajlar nümayiş etdirməyi planlaşdırır. "Sülh naminə birləşin" və "Dünyanı birləşdirin" şüarları da təbliğ olunacaq.

ABŞ-da keçirilən klublararası dünya çempionatı zamanı təşkilat "İrqçiliyə yox" və "Ayrı-seçkiliyə yox" kampaniyalarını dəstəkləmək üçün nəzərdə tutulmuş videoları, lövhələri və marketinq materiallarını silib. Bunun əvəzinə "Futbol dünyanı birləşdirir" şüarından istifadə edilib. İrqçilik və ayrı-seçkiliyə qarşı mesajlar yalnız bir dəfə, Beynəlxalq nifrət nitqinə qarşı mübarizə günündə nümayiş etdirilib.

FİFA nümayəndələri bu yanaşmanın səhv olduğunu etiraf ediblər. Təşkilat hesab edir ki, dünya çempionatında məlumatverici və maarifləndirici mesajlar yaymaq böyük əhəmiyyət kəsb edir. Bu, futbolda və ondan kənarda irqçilik və ayrı-seçkilik məsələlərinə dair məlumatlılığı artırmağa kömək edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest