Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Şahmat Federasiyası və "Sumqayıt" Futbol Klubunun birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana maraqlarının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova və digər rəsmi şəxslər iştirak edib. 
 
Məktəblilərlə görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov  ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaqgörənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışıb.
 
İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan "Sumqayıt" FK-nın Prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb. 
 
Sonda məktəblilərə şahmat üçün lazım olan lövhələr, kitablar, "Sumqayıt" FK tərəfindən isə idman formaları və toplar hədiyyə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest