“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyra gələcək karyerası ilə bağlı planlarından danışıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Uruqvayda yayımlanan “La Mañana del Fútbol” proqramına müsahibəsində Argentinanın “Boka Xuniors” klubunda oynamaq arzusunu yenidən dilə gətirib.

Bununla belə, 30 yaşlı futbolçu hazırda İstanbul təmsilçisindən ayrılmaq fikrində olmadığını bildirib.

“Türkiyədə çətin dövr yaşadıq, lakin “Qalatasaray” mənə böyük dəstək göstərdi və özümü rahat hiss etməyimə şərait yaratdı. Komanda ilə birlikdə çox yaxşı çıxış edirik və kluba minnətdaram. Hazırda “Qalatasaray”da çox vacib bir dövrdən keçirəm. Bu formaya hörmət etməliyəm. Niyyətim müqaviləmi başa vurmaqdır. “Boka”da oynamaq istəyim isə gələcəklə bağlı arzudur”, – deyə Torreyra bildirib.

Uruqvaylı futbolçu Argentinanın əfsanəvi “La Bombonera” stadionunda oynamağın onun üçün xüsusi təcrübə olacağını da vurğulayıb.

O, “Qalatasaray”ın baş məşqçisi Okan Buruka təşəkkür edərək mütəxəssisin bu müddətdə ona böyük dəstək olduğunu qeyd edib.

Qeyd edək ki, Lukas Torreyranın “Qalatasaray”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest