"Mançester Yunayted" komandanın kapitanı Bruno Fernandes ilə əməkdaşlığı uzatmağa çalışır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" 31 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçiyə 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif ediblər.

Onun hazırkı sözləşməsinin müddəti 2027-ci il iyunun 30-da başa çatır və müqavilədə müddəti daha 1 il uzatmaq variantı da var.

Fernandesin müqaviləsində xarici klublar üçün 65 milyon avro dəyərində sərbəstqalma bəndinin olduğu, lakin bu müddəanın vaxtının artıq bitdiyi bildirilirdi.

Brunoya Türkiyənin "Qalatasaray" klubu maraq göstərirdi və İstanbul təmsilçisi İngiltərə klubuna 35 milyon avro üstəgəl 15 milyon avro bonus təklif etmişdi. "Transfermarkt" portalı onun dəyərini məhz 35 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından bəri "Mançester Yunayted"də çıxış edir. O, həmin vaxtdan bəri Premyer Liqa təmsilçisinin heyətində 329 matçda meydana çıxıb, 110 qol vurub, 109 məhsuldar ötürmə edib və 2 titul qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest