İnfantinonun ünvanına göndərilən şikayət komitənin səlahiyyət çərçivəsindən kənara çıxır.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqonun diskvalifikasiyasının ləğv edilməsi ilə bağlı yaranmış vəziyyətə görə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" portalı BOK-dakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, İnfantinonun ünvanına göndərilən şikayət komitənin səlahiyyət çərçivəsindən kənara çıxır. Daha əvvəl "City AM" portalı "FairSquare" qeyri-kommersiya təşkilatının İnfantinonun hərəkətləri ilə bağlı BOK-a şikayət etdiyini bildirmişdi. Şikayət sənədində qeyd olunub ki, qərarın ABŞ prezidenti tərəfindən İnfantinoya edilən siyasi təzyiq altında qəbul olunmasına dair ciddi sübutlar var. "FairSquare" İnfantinonun 2020-ci ildə BOK ofisində verdiyi kommersiya və siyasi maraqlardan asılı olmayaraq hərəkət edəcəyi ilə bağlı andını pozduğunu iddia edir.
Baloqon 1/16 finalda Bosniya və Herseqovina ilə matçda (2:0) rəqib müdafiəçi Tarik Muxaremoviçə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. İyulun 5-də FİFA-nın intizam komitəsi Baloqonun cəzasını dayandırıb və o, belçikalılara qarşı 1/8 final oyununda (1:4) iştirak edə bilib. Jurnalist Ben Ceykobs daha sonra FİFA-nın bu qərarı təşkilat rəhbəri Canni İnfantinoya Ağ Evdən zəng gəldikdən sonra qəbul etdiyini bildirib. ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı İnfantinoya zəng etdiyini və futbolçunun cəzasına yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib.
Qeyd edək ki, İnfantino 2020-ci ildən BOK-un üzvüdür.












